• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1790
— 24.06.2020 16:13

Gəncədə psixiatriya xəstəxanası istifadəyə verildi

KepezTV Player

Gəncədə ruhi-əsəb xəstəliklərin müalicə üçün yeni tibb ocağı istifadəyə verilib. Səhiyyə Nazirliyinin nəzdində Psixiatriya Xəstəxanası yeni məkanda və yeni binada fəaliyyətə başlayıb. 200 çarpayılıq tibb ocağı tələblər səviyyəsində qurulub.

Yeni xəstəxana beş mərtəbədən ibarətdir. Birinci mərtəbəsində Laboratoriya, Stomatoloji kabinet, Şüa diaqnostika şöbəsi, Mühasibatlıq şöbəsi, Psixoloq kabineti, Kadrlar şöbəsi və Operator otağı yerləşir. Binanın qalan dörd mərtəbəsi xəstələr üçün ayrılıb. Xəstələrin müayinəsi, müalicəsi və reabilitasiyası üçün təzə avadanlıqların quraşdırıldığı səhiyyə ocağında təchizatla bağlı bütün işlər görülüb. Şöbələrdə ağır xəstələr üçün xüsusi izolyasiya otaqları, hər mərtəbədə sanitar qovşaq, yemək və istirahət otaqları mövcuddur.

Tibb ocağında posiyentlər üçün hər şey düşünülüb. Məsələn bu xüsusi ayrılmış otaqda xəstələrin musiqi ilə məşğul olması üçün şərait yaradılıb.

Bununla yanaşı xəstəxanada müalicə alan insanlar tikiş, toxuma və rəsm bacarıqlarını da artıra biləcəklər. Bu da onların tez bir zamanda sağalmasında müsbət rol oynayır. 3 mərtəbəsi kişilər üçün nəzərdə tutulan binanın, 1 mərtəbəsində xanım posiyentlər müalicə alır.

Elmira Mirzəyeva - baş həkim: Bizim xəstəxanamız bütün standartlara uyğundur. Çox gözəl şəraitimiz var. Xəstəxanada reabilitasiya şöbəsi fəaliyyət göstərir. Buna art terapeya deyilir. Bu da ən gözəl bir vasitədir. Bu çox yaxşı təsir göstərir. İnsanlar cəmiyyətə qayıdır, ətrafdakılar onlarda damğanı görmür. Hiss edirlər ki, bunlar da hamı kimidir. Yəni ki yenidən həyata qayıda bilərlər.

 1936-cı ildən fəaliyyət göstərən Gəncə Psixiatriya xəstəxanasında 175 nəfər işçi heyəti var. Burada müxtəlif şəhər və rayonlardan olan xəstələr üçün həyətdə istirahət güşələri yaradılıb. Bundan başqa, əsas korpusla yanaşı yaxınlıqda yerləşən yardımçı tikilidə mətbəx və camaşırxana da fəaliyyət göstərir. Xəstəxana 140 kişi, 60 qadın üçün nəzərdə tutulub. Hazırda səhiyyə ocağında 147 xəstə müalicə olunur.