• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1890
— 23.06.2020 20:47

İnsanlığın utanc yeri - irqçilik

KepezTV Player

İnsan o qədər qəribə məxluqdur ki, onun saysız yaxşılığından da danışmaq olar, insanlığa sığmayan davranışlarından da. Onlardan biri də irqçilikdir. Sıradakı materialda dərisinə, irqinə görə əzilənlərdən və əzənlərdən danışacağıq.

Hansı çiçək digərini sarıdır deyə xor görür?<br>Hansı quş fərqli oxuyanda digərinə qadağa qoyur?

Dərisindən, dilindən ötrü öldürülür insanlar Ah insanlar!Hər şeyi tapıb, özünü tapmayanlar!

Bukovskinin bu sətirləri yazmasından illər ötüb. Ancaq dəyişən heç nə yoxdur desək, yanılmarıq. Yəqin ki, Amerikada polisin afromerikan Corc Floydun boyun nahiyəsinə 7 dəqiqə dizi ilə sıxaraq öldürməsi hadisəsindən xəbərdarsınız. Floydun dəfələrlə "Nəfəs ala bilmirəm" dediyini göstərən videogörüntülər sosial mediada paylaşıldı, ardınca kütləvi etirazlar başlandı. Polisin etdiyi insanlıqdankənar davranış qınanıldı, o, işdən çıxarıldı, cinayət məsuliyyətinə cəlb edildi. Amma cifayda...Bundan sonra görülən hansı tədbir bir canı geri qaytara bilər, hansı qınama bəzi insanları irqçi düşüncələrdən azad edə bilər?! Ümumiyyətlə, irqçliyin kökündə nə dayanır? Necə olur ki, bir insan özünü başqasından üstün görməyə başlayır?

Taciyə Mehdisoy psixoloq: İrqçilik psixoloji və bioloji baxımdan bərabərsizlik nəzəriyyələrinin toplusu hesab olunur. Biz əgər bunu 21-ci əsr üçün araşdırsaq və həlli yollarını 21-ci əsrə uyğun tapmağa çalışsaq, uğurlu nəticə əldə etmərik. Belə ki, insan yaranandan ağ və qaradərililər arasında fərqlənmə olub və bu fərqlənmə genetik kodlarla, eyni zamanda psixoloji və sosial baxımdan ildən-ilə, əsrdən əsrə ötürülüb.

4 yaşlı bu qızcığaz “Çox çirkinəm” deyib ağlayır. Yanındakı qadın “Sənin şokalad rəngində dərin var, möhtəşəmsən, özəlsən, qəmzələrin var. Qara olmaq gözəldir” deyib onu dünyanın çirkinliyindən qorumağa çalışır. Bir düşünək...4 yaşlı uşağı çirkin olduğuna kim inandıra bilər? Axı o, bu yaşda çirkinliklə bağlı nə bilir ki?! Sualın cavabını özümüzdə axtarsaq, daha yaxşıdır.

Taciyə Mehdisoy psixoloq:  Əgər biz qaradərili insanların digərləri ilə bərabər olmasını gözlədiyini düşünürüksə, onların da beynində bir hücumçu hissləri var. Onlar əvvəldən müdafiə mexanizmini işə saldıqları üçün hər ağdərili insanın onlara dediyi ifadənin kinlə, nifrətlə, ambisiya ilə deyildiyini nəzərə alırlar. Bunun üçün adi məsələlərdə də aqressiv davrana bilirlər. Bunu təkcə cəmiyyətin boynuna ata bilmərik. Burada insan amili də var. Çünki bir insan öz beynində digər insanlarla eyni olduğunu düşünmüş olsa, hüquqlarının bərabər olduğunu düşünmüş olsa, irqə fikir verməyəcək.

Xoşbəxtlikdən Azərbaycanda milli, dini və irqi məsələlərdə ciddi problem yaşanmır. Tolerant və multikultural ölkədə dinlərarası və mədəniyyətlərarası dialoq və əməkdaşlığa önəm verilir. Dünya miqyasında ayrı-seçkiliyin gücləndiyi bir zamanda Azərbaycanda bu zəmində hökm sürən həmrəyliyi Gəncədə təhsil alan əcnəbi tələbələr də təsdiq edir.

Mapaseka Motale Lesoto vətəndaşı: İlk vaxtlar bura gələndə qaradərili olmağımla bağlı mənə maraq göstərirdilər. Ancaq tədricən həmin maraq azalmaga başladı. Bəzi ölkələrdə irqçiliyə rast gəlmişəm, ancaq Gəncədə belə bir halla üzləşməmişəm, əksinə mühitə adaptasiya olmağımda mənə kömək ediblər.

Əbdüləziz İbrahim Adam Somali vətəndaşı: İrqçilik dünyada qəbulolunmaz haldır. Bəzən bizim ölkəmizə gələnlər də bunu edirlər. Azərbaycanlılar çox qonaqpərvərdirlər, düşünürəm ki, irqçilikdən bu ölkədə söhbət gedə bilməz. Gəncədə həm dost çevrəm, həm müəllimlərim tərəfindən qayğı görürəm, heç bir ayrı-seçkilik hiss etmirəm.

Elə sorğu apardığımız şəhər sakinlərə də bu barədə ürəkaçan danışdılar.

Adilə Qurbanova sakin: Əsas yaxşı insan olsun. Mənə elə gəlir ki, rəngin, milliyyətin fərqi yoxdur. Elə şeyləri sevmirəm, mənim üçün ağlasığmazdır. Yaxşı insan yaxşıdır, pis də elə pisdir.

Mustafa Mehdiyev sakin:İnsanlar hamısı birdir, dərilərinin rənginin fərqi yoxdur. Əsas odur ki, insanlar özü yaxşı olsun.

sakin: İnsanların dərisinin rəngi onun beyni, daxili haqqında heç nə demir. Hamımız bir planetin sakiniyik. Dayaq olun bir-birinizə

sakin: İnsanlara fərq qoymasınlar. Hamı eyni səviyyədədir, bərabərhüquqludur.

Bəli, hər kəsin hüququ bərabərdir. Yaxşı ki, bunu dərk edənlərin sayı az deyil. Ancaq əfsuslar olsun ki, insan bəzən dərisi qara, ayağı axsaq, gözü kor, pulu az olduğu üçün başqasını xor görür, alçaldır, əzir, öldürür. Çünki o, Yer üzünün yeganə canlısıdır ki, həmişə bir-biri ilə çəkişir, vuruşur, bir-birinin qənimi olur. O insan ki, məhəbbət, yaxşılıq, mərhəmət kimi sözləri icad edib və yer üzünün əşrəfidir.

Kim bilir, bəlkə də ilk səhvi adamları irqlərə bölməklə etdik. Bəlkə də adamlar irqlərə yox, irqlər adamlara və adam olmayanlara bölünməli idi. Bəlkə də bir-birimizi sevmək üçün ruhumuzu görmək, ürəyimizə toxunmaq bəs edərdi. Ancaq öz daxilindəki çirkinliyi görən biri başqasının ruhuna dəyər verə bilərmi? Bəlkələr və cavabsız suallar çoxdur. Həqiqət isə birdir: Cəhənnəm insanın ürəyində sevginin bitdiyi yerdir. Ürəyinizdəki sevgini bitirməyin. Böyüdün, böyüdün, dünyaya yetəcək qədər ucaldın o sevgini. Sevgisizlik canımızdan can alır.