• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 804
— 23.06.2020 20:40

Pandemiya dövründə psixoloqa müraciət edənlərin sayı artıb

KepezTV Player

Vaxtilə kimlərdənsə eşitdiyimiz, qohumlarda, tanışlarda rastlaşmadığımız, bizdən uzaqdaykən bir o qədər də təhdid edici olmayan koronavirus barədə artıq çoxları narahatlıq keçirir. İlk vaxtlar pandemiyanın yalnız fizioloji simptomlarından bəhs edilirdisə, hazırda onun psixoloji təsirləri də gündəm mövzusudur. Çünki karantin rejimi, sosial izolyasiya, özünü təcrid, ümumən həyatımızda baş verən dəyişikliklər sözsüz ki, psixologiyamıza təsirsiz ötüşmür.

Sara Babayeva psixoloq: Bəşəriyyətin bəlası olan bu pandemiyadan sonra karantin rejimi və qadağaların qoyulması insanlar arasında psixoloji gərginliyin yaranmasına səbəb oldu. Psixoloji xəstəliklər daha da artdı, kəskinləşdi. Amma sağlam insanlarda da stress, gərginlik yarandığına görə depressiya, panik atak halları artmağa başladı. Ümumiyyətlə, bu sosial təcrid gənclərə daha çox təsir etdi.

Aktiv həyat tərzi keçirdiklərinə görə gənclərə daha sıxıcı gələn bu situasiya yaşlı nəslin nümayəndələri üçün də arzu olunan deyil. Sən demə, vaxtilə yaşı 65-dən yuxarı olan şəxslərə qoyulan qadağa əksəriyyətin psixologiyasında dərin izlər buraxıb.

şəhər sakini: Evdə televizor, siqaret, çay bir də divan. Bayıra çıxa bilmirdim, məhlədə oturmaq da istəmirdim. Əsəblərim pozulurdu. Dəhşət əsəbləşirdim.

şəhər sakini: Darıxırdım, heç kimi görmürsən, az adamla ünsiyyətdə olursan. Əvvəl evdən çıxa bilmirdik. Nəvələrlə günümüzü keçirirdik. İndi yaxşıdı gündə 2 saat bəs edir. Çıxıb, əsəblərimizi sakitləşdiririk.

Psixoloqların sözlərinə görə, vəziyyəti daha da qəlizləşdirmək istəməyənlər ilk növbədə, düşüncələrini pozitiv saxlamalıdır. Sms icazə dönəmində belə ümidsizliyə qapılmamalı, sevdiyi işlə məşğul olub, mümkün qədər istirahət etməlidirlər.

Sara Babayeva psixoloq:Beyinlərində gözəl pozitiv ssenari yaratsınlar. Təsəvvür etsinlər ki, dəniz sahilində, isti qumların üzərində oturublar. Günəşin şüaları, səmanın rəngi, hava çox gözəldir. Yəni, insan hər bir şeyə hazırlıqlı olmalı, adaptasiya etməlidir. Ümumiyyətlə, bədbəxtliyi hiss etmədən xoşbəxtliyi hiss etmək olmaz. Hər çətin günün arxasından gözəl günlər gəlir. Onun üçün yaxşı olar ki, hər zaman pozitiv düşünsünlər.

Pandemiya dövründə heç bir əsası olmayan, həqiqəti əks etdirməyən informasiyalardan maksimum uzaq durub, ağlımızı bu kimi şeylərlə məşğul etməməliyik. Çünki yalnız sözügedən davranış əhval-ruhiyyəmizi pozitiv edə, psixoloji sağlamlığımızı qoruya bilər.