• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1272
— 22.06.2020 12:28

Unudulan tarixi abidə

KepezTV Player

Azərbaycanın ayrı-ayrı bölgələri tarixi abidələr sarıdan zənginliyi ilə seçilir. Belə regionlar içərisində xüsusilə ölkənin qərb hissəsi, daha dəqiq desək kiçik qafqaz dağlarında alban kilsələri və məbədləri çoxluq təşkil edir. Belə tikililərin əksəriyyətinin məkanı və tarixi haqda məlumatlar olsa da, unudulan qədim abidələr də mövcuddur. Qarşıdakı sujet bəlkə də çoxları üçün bilinməyən alban kilsəsi haqqındadır.

Göygöl rayonunun Üçbulaq - keçmiş adıyla desək Nurud kəndində yerləşən bu qədim tikili orta əsrlərə aid edilir. Üzərində tarixi ilə bağlı heç bir yazıya rast gəlinməyən bina təxmini olaraq 16-18-ci əsrlərə aid edilir. Bu ərazilərə xas olan məbədin albanlar tərəfindən inşa edildiyi ehtimal olunur. Hazırda durumu ürəkaçan vəziyyətdə olmayan tikilinin divarları aşınıb, deformasiyaya uğrayıb və böyük çatlar əmələ gəlib. Restavrasiyaya ehtiyacı olan alban kilsəsi müəyyən dövrdə bu ərazidə məskunlaşan ermənilər tərəfindən dini məbəd kimi də istifadə edilib. Ancaq mənfur qonşularımız xislətlərindən geri qalmayaraq qədim abidəni mənimsəmək cəhdləri də ediblər. Bunu abidənin giriş hissəsinə yerləşdirilən lövhə ilə əsaslandırmaq olsa da, daşın sonradan qoyulduğunu görmək o qədər çətin deyil.

Azər Axundov - tarixçi: Ermənilər məbədlərimizi də özünüküləşdirməyə çalışıblar. Arxamızda görünən və orta əsrlərə aid olan alban məbədi də sonralar ermənilər tərəfindən, yəni Üçbulaq kəndində 1988-ci ilə qədər ermənilər yaşayıb. Gördüyünüz kimi yazını da dəyişdirib, erməniləşdiriblər. Ancaq alban kilsəsi ilə, erməni kilsəsini mütəxəssislər baxan kimi ayırd edirlər. Həm xaçında, həm də məbədlərin tikilişində fərq vardır.

Qəzalı durumda olan məbədin yenilənməsində yerli sakinlər də maraqlıdırlar. Kənd camaatı bunu turizm marşrutunun üzərində yerləşən məkanın inkişafı baxımından xarakterizə edirlər.

Əlistan Heydərov - kənd sakini: 1988-ci ildən burada məskunlaşmışıq. Gələndən sonra kənddə qəşəng alban kilsəsi görmüşük. Amma bu alban kilsəsinin təmirə ehtiyac var. Yaşadığımız yer turizm üçün əlverişlidir. Bu məbəd təmir olsa, bura çox sayda turist gələr. Biz aidiyyəti orqanlardan xahiş edirik ki, bizə kömək etsinlər bu kilsəni təmir edək.

Xarici görkəmi ilə yanaşı məbədin daxili də yaxşı vəziyyətdə deyil. Demək olar ki, döşəməsinin olmadığı alban kilsəsinin dam örtüyü də tamamilə sıradan çıxıb, hətta üzərini kol-kos basıb. Ümumiyyətlə uzun zamandan bəri baxımsız vəziyyətdə qalan abidənin gələcəyi sual altındadır.

Göygöldə yaddan çıxan qədim abidələr tarixi, memarlıq üslubu baxımından özünəməxsusluğu seçilir. Buna görə bu cür tikililərin mühafizəsinə, tədqiqinə böyük ehtiyac var.