• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1721
— 19.06.2020 19:44

Erməni əli ilə qətlə yetirilən Fətəli xan

KepezTV Player

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri, Azərbaycanın ilk baş naziri kimi tarixə düşən Fətəli Xan Xoyskinin qətlə yetirilməsindən 100 il ötür. Bir əsr əvvəl və daha da öncəsindən fəaliyyət göstərən erməni terrorçuları bu gün də öz niyyətlərindən əl çəkməyiblər. Əks halda ötən gün baş tutan Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində erməni baş nazir utanmadan Azərbaycanı irqçilikdə, zorakılıqda ittiham etməzdi.

Görkəmli dövlət xadimini 1920-ci il iyunun 19-da Tbilisinin indiki Şota Rustaveli prospektində erməni terrorçu Aram Yerkanyan başından vuraraq öldürüb. Xoyski hadisə yerində keçinib. Onun yanında olan AXC-nin keçmiş daxili işlər naziri Xəlil bəy Xasməmmədov yaralanıb. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Həsən bəy Ağayev, Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli də 1920-ci ildə ermənilər tərəfindən qətlə yetirilib. 1 il sonra isə Xalq Cümhuriyyətinin Daxili işlər naziri Behbud xan Cavanşiri Türkiyənin İstanbul şəhərində “Daşnaksütyun” partiyasının üzvü Misak Torlakyan öldürüb. Osmanlı imperiyasının Daxili işlər naziri Tələt paşa, Hərbi naziri Ənvər paşa da erməni terrorunun qurbanlarındandır. Təbii ki, siyahı bununla bitmir. Müxtəlif illərdə ermənilərdən təşkil olunan terror qruplaşmaları xeyli sayda Azərbaycan və Türkiyə diplomatlarının həyatlarına son qoyublar. Lakin bu tarixi faktları görməzdən gələn Ermənistan baş naziri Nikol Paşinyan Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində açıq-aşkar saxtakarlığa əl atıb. Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarında guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olunduğunu iddia edib, Ramil Səfərovun Azərbaycana ekstradisiyası və qəhrəman kimi qəbul olunmasına narazılığını bildirib.

Dövlət başçısının haqqında danışdığı hadisə 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında baş verib. ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən, Türk Hava Yollarının kassası qarşısında törədilən qanlı terror aktında həlak olan 8 nəfərdən 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İsveç vətəndaşı idi. Terror zamanı 55 nəfər də yaralanmışdı. Karapetyan istintaqa ifadəsində hadisəni törətdiyini boynuna alaraq, əslində, əsas məqsədin bombanı təyyarənin içində partlatmaq olduğunu etiraf etmişdi. Bu və digər faktlar Ermənistanın illərdir terrorizmi dövlət səviyyəsində dəstəklədiyini bir daha sübut edir.