• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1506
— 13.06.2020 15:58

Şahmat yarışının qalibləri məlum olub

KepezTV Player

Gəncədə 15 İyun Milli Qurtuluş Gününə həsr olunan onlayn şahmat turniri keçirilib. Yarış yerli Gənclər və İdman Baş İdarəsi ilə 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə reallaşıb. Açıq turnirdə iştirak etmək üçün yaş məhdudiyyəti qoyulmayıb. Chess.com internet portalı üzərindən oynanılan yarış İsveçrə sistemi üzrə 11 turdan ibarət olub. Turnirdə ümumilikdə 51 qız və oğlan şahmatçı iştirak edib. Oyunlarda Gəncə ilə yanaşı, Samux, Şəki və Bakı təmsilçiləri də mükafatlar uğrunda zəkasını yoxlayıb. Hər iştirakçı görüşün sonuna qədər 3 dəqiqə olmaqla oynayıb. Mübarizələr qarışıq keçirilsə də, mükafatçılar qızlar və oğlanlar arasında ayrı seçilib. Yekun nəticələrə görə, ümumi yarışda Şəki şahmatçısı İslam Hacəliyev 1-ci olub. Bakı təmsilçisi Orxan Bağırov 2-ci, Nizami yurdundan olan Natik Əliyev 3-cü olub. Qızlar arasında isə samuxlu Aytac Məmmədova qalib gəlib. Gəncə idmançılarından Aytən Əlizadə ilə Leyla Budaqova sonrakı pillələri tutub. Yarışda ilk 3 yerdə qərarlaşan iti zəka sahibləri müvafiq dərəcəli diplomla təltif olunub. Qeyd edək ki, koronavirus pandemiyasına görə yaranan mövcud vəziyyətə uyğun olaraq son vaxtlar yarışlar onlayn keçirilir. Bundan öncə sonuncu belə turnir 28 may Respublika Gününə həsr olunub.