• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1038
— 10.06.2020 12:26

"Qabaqlayıcı tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq"

KepezTV Player

"Son 10 gün ərzində yoluxanların sayı artır. Bu da ondan irəli gəlir ki, yumşalma dövründə bəzi vətəndaşlar məsuliyyətsizlik göstəriblər. Buna baxmayaraq, vəziyyət tam nəzarət altındadır". Bunu Prezident İlham Əliyev paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana komplekslərinin açılışı mərasimində deyib. Sumqayıtda və Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana komplekslərinin açılışı videobağlantı vasitəsilə baş tutub. Dövlət başçısı qeyd edib ki, xəstəxanalarda kifayət qədər yer var, reanimasiya şöbələri də həmçinin. Eyni zamanda, əlavə iki min çarpayılıq 10 xəstəxanada koronavirus xəstələrinin müalicəsi nəzərdə tutulur.

Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Virusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz budu. Dünya praktikası isə tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanda qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bu məqsədlə yeni laboratoriyalar alınıbdır. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün bizim ən qabaqcıl xəstəxanalar ayrılıb, onlara təqdim edilib, o cümlədən “Yeni klinika” - bizim ən gözəl, ən müasir xəstəxanamız və digər xəstəxanalar. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Eyni zamanda, hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb. .. Minlərlə insan xaricdən təxliyə edilib və bu proses davam etdirilir, təbii ki, qrafik üzrə. Orada da bütün işlər mütəşəkkil qaydada görülməlidir. Bildiyiniz kimi, xüsusi portal yaradılıb və Azərbaycana qayıtmaq istəyən vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Yəni, bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun.

“Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir”, - deyən dövlət başçısı vurğulayıb ki, itkilərimiz olsa da, bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur. Pandemiyadan əziyyət çəkən işsiz adamlara, aztəminatlı təbəqəyə aid olan insanlara, sahibkarlara və bütün işləri təşkil etmək üçün 3,5 milyard manat vəsait nəzərdə tutulubdur və bu vəsait xərclənir. Tibbi avadanlığın, dərman preparatlarının alınmasına dövlət böyük vəsait ayırıb. Bu işləri təşkil edən qurumların - Operativ Qərargah, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB-in fəaliyyətini yüksək dəyərləndirən Prezident İlham Əliyev deyib ki, Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır. Ona görə dünyada baş vermiş hadisələrə və bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı acınacaqlı vəziyyətə baxdıqda bir daha görürük ki, Azərbaycan bu sahədə də öz modelini ortaya qoyub və bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib. Əlbəttə ki, mən bizi başqa ölkələrlə müqayisə etmək fikrində deyiləm. Ancaq dünyada hər şey müqayisə ilə ölçülür. Misal üçün bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Əgər mən gündə yüzlərlə təşəkkür məktubu alıramsa, Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir.

Azərbaycan pandemiya ilə mübarizədə sənaye imkanlarından da istifadə edir. Qısa müddət ərzində iki tibbi maska müəssisəsi fəaliyyətə başladı. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda, Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonların istehsalı aparılır. Həmçinin tibbi maskalar xaricdən idxal edilir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, - gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb.

Prezident İlham Əliyev deyib ki, indi bütün ölkələrdə, o cümlədən Azərbaycanda yumşaldıcı addımlar atılır. Bəzi insalar məsuliyyətsizlik nümayiş etdirsələr də, bütövlükdə Azərbaycan cəmiyyəti çox böyük nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olub. Koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Həkimlərin ümumi rəyinə görə, peyvənd icad olunana qədər insanlar bu xəstəlikdən əziyyət çəkəcəklər. Dövlət başçısının sözlərinə görə, ona görə biz də yeni davranış qaydaları çərçivəsində yaşamağa hazır olmalıyıq. İqtisadi göstəricilərə gəlincə, ümumi daxili məhsul beş ayda 1,7 faiz aşağı düşüb. Ancaq yenə də bir çox inkişaf etmiş ölkələrlə müqayisədə bu tənəzzül çox kiçikhəcmlidir. Bununla paralel olaraq qeyri-neft sektorunda sənaye 14 faiz, kənd təsərrüfatı 3,6 faiz artıb. İnsanların orta əməkhaqqı 740 manata yaxınlaşıb. Bu, təqribən 430 dollardan çoxdur. İnflyasiya 3 faizdən aşağı - yəni, proqnozlaşdırılmış səviyyədədir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Ona görə bütövlükdə baxanda bizim iqtisadi fəaliyyətimiz də bu müddət ərzində çox uğurlu olub. Ancaq iqtisadiyyat tənəzzülə uğrasa da, bərpa ediləcəkdir, insanların həyatını isə bərpa etmək mümkün deyil. İnsanların həyatı qiymətsizdir. Ona görə bu günə qədər və bundan sonra bizim üçün əsas amil insanların təhlükəsizliyi, sağlamlığıdır. ... Bu gün mövcud səhiyyə imkanlarımız bizə tam imkan verir ki, vəziyyət nəzarət altında qalsın. Ancaq hər kəs bilməlidir ki, bu vəziyyəti biz qorumalıyıq. Qorumalıyıq və müsbət meyillərin artırılmasına çalışmalıyıq və çalışırıq.

Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə ianə verən Azərbaycan bununla 29 ölkəyə humanitar yardım göstərib. Pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri məhz Azərbaycandır. Bu da müstəqilliyimizin üstünlükləridir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Kimin ağlına gələ bilərdi ki, Azərbaycan bu bəla ilə təkbaşına, bu cür, belə məharətlə, peşəkarlıqla, təmkinlə, ləyaqətlə bacara bilsin. Hələ bəlkə 10 il, 20 il bundan əvvəl kimin ağlına gələrdi ki, Azərbaycan 30-a yaxın ölkəyə humanitar yardım göstərə bilər. O dövrdəki bəzi ölkələr indi o biri ölkələrə çatacaq humanitar yardımı da özlərinə, necə deyərlər, götürmüşdülər. Ona görə biz həm ölkə daxilində, həm beynəlxalq müstəvidə düzgün, ləyaqətli siyasət aparırıq. Ona görə bizə olan rəğbət və hörmət gündən-günə artır.

“İnsanları qorumaq üçün biz bütün addımları atacağıq. Ona görə bir daha Azərbaycan vətəndaşlarına bu dövr ərzində göstərdiyi dəstəyə görə, göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm”, - deyən Prezident İlham Əliyev bütün vətəndaşları böyük məsuliyyətə və nizam-intizama çağırıb.