• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2040
— 29.05.2020 20:07

Kafe və restoranlarda reyd keçirilib

KepezTV Player

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin karantin dövründə kafe və restoranlarda növbəti reydi baş tutub. Agentliyin Tovuz Regional bölməsinin əməkdaşları Şəmkirdəki iaşə obyektlərinin fəaliyyətini yoxlayıblar.

Neqativ halları aşkarlamaq üçün təşkil edilən reyd rayonda bir sıra kafe və restoranları əhatə edib. Ən pis vəziyyətdə olan obyetlərdən biri Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən Pərvin Məmmədova məxsus “Anadolu” kefesində qeydə alınıb. Burada müştərilərə xidmət göstərən zal normal vəziyyətdə olsa da, mətbəx üçün eyni sözləri demək mümkün deyil. Qidaların hazırlandığı hissədə sanitar gigiyenik qaydaların pozulduğu aşkar şəkildə özünü göstərib. Masaların üzərindəki alətlərdə, ət məhsullarının qoyulduğu rəflərdə natəmizlik hökm sürüb, eləcə də zibil yeşikləri qida məhsullarına çox yaxın yerdə yerləşdirilib.

AQTA-nın əməkdaşlarının aşkarladığı digər bir neqativ hal rayonun Dəllər qəsəbəsində yerləşən Orxan kafesində qeydə alınıb. Bu obyektdə də yeməklərin bişirildiyi mətbəxin divarları aşındığından qidalar üçün təhlükə saçıb. Buna görə sahibkar İlhamə Quliyevaya dəfələrlə xəbərdarlıqlar olunsa da, nəticə dəyişməz qalıb.

AQTA-nın Tovuz regional bölməsi əhatə etdiyi Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarında bu cür neqativ halların qarşısını almaq üçün reydlərini davam etdirir.