• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1763
— 27.05.2020 19:29

Kifayət qədər zərdab varmı?

KepezTV Player

Hava getdikcə isinir. İlan sancması da daha çox yay aylarında, xüsusilə havaların qızmar keçdiyi dövrdə müşahidə edilir. Bu dövrdə ilanlar, xüsusilə də gürzələrin fəallıq dövrü başlayır. Göygöl rayonunda ilan sancmaları və onlara qarşı mühafizə tədbirlərindən materialımız var. Əməkdaşımız Valeh Anaroğlu indi daha ətraflı təqdim edəcək.

İlanlara səhralarda, dərələrdə, çöllərdə, bitkilərin sıx olduğu təsərrüfatlarda və suya yaxın yerlərdə olan çəmənliklərdə rast gəlmək olar. Azərbaycanda ən çox rast gəlinən ilan növləri gürzə, dağ suilanı və kobradır. Xüsusən də dağətəyi təsərrüfatlarda çalışan fermerlər iş başında olarkən bu sürünənlərlə istəmədən rastlaşırlar.

Niyaz Abbasov - fermer: Təsərrüfatımız elə bir yerdə yerləşir ki, dəmyə şəraitidir. Biz də burada mövsümlə bağlı olaraq, bitkilər əkirik, əkin aparırıq. Pestisidlərin tətbiq olunmaması ilanların sayının artmasına gətirib çıxarır. Kimyəvi mübarizə üsulları vasitəsilə ilanlardan qorunmağın yollarından biri də kükürd tərkibli preparatlardan istifadə olunmasıdır. Bitkilərin sıx olduğu ərazilərdə kükürd tozundan istifadə edirik. Çünki onun qoxusu olduğu ərazilərə ilan gəlmir.

Hündür otlar, sıx kollar və alaq basmış qayalar. Doğrudur, bu fəaliyyət məkanlarında müxtəlif növ mübarizə tədbirləri aparılsa da, bəzən bədbəxt hadisələrin – ilan sancmalarının qarşısını almaq mümkün olmur. İlan sancmasından alınan zəhər isə ciddi problemlərə səbəb ola bilər. Hətta əgər ilan zəhərsiz olsa belə, onun ağzındakı bakteriyalar sancdığı insanın bədəninə ciddi infeksiya sala bilər. Belə halların müşahidə edildiyi Göygöl rayonunda ilkin tibbi yardım və müalicə üçün nə kimi imkanlar var?

Vasif Əliyev - Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın direktoru: Coğrafi şəraitdən asılı olaraq ilan sancmaları ilə bağlı bizə müraciətlər daha çox olur. Əvvəlki illərdə bu daha çox idi. Hal-hazırda, 2020-ci ildə 1 nəfər bizə müraciət edib. Həmin xəstəyə də lazımi müalicə aparılıb, zərdab vurulub. Normal vəziyyətdə evə buraxılıb. Bizim bütün hazırlıqlarımız yerindədir. İlan zəhərinə qarşı zərdablarımız var, dərman vasitələrimiz var. Bu məsələ ilə bağlı bizə müraciət olarsa, dərhal Göygöl Rayon Mərkəzi Xəstəxanasında bununla bağlı müalicəmizi yüksək səviyyədə aparacağıq.

Yaz aylarının sonu ilanların yumurtalarından yeni balalar çıxır. Bu müddətdə onlar çox aqressiv olur. Əsasən də təsərrüfatlarında qarğıdalı əkini ilə məşğul olan şəxslər cərgəarası aqrotexniki qulluq tədbirləri edilən zaman diqqətli olmalı, ehtiyatı əldən verməməlidirlər.

Valeh Anaroğlu