• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3178
— 23.05.2020 13:47

Şəmkirdə narkotik alqı-satqısı ilə məşğul olan dəstə ifşa edilib

KepezTV Player

Şəmkir polisi küllüi miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb. Polis əməkdaşları üçü Şəmkir, biri isə İmişli sakini olan dəstəni ifşa edib. Həmin şəxslərdən xeyli miqdarda heroin müsadirə edilib

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Möhsün  Hacıkişiyev və əvvəllər məhkum olunmuş Zakir Əmiraslanov saxlanılaraq polis şöbəsinə gətirilib. Baxış keçirilən zaman Hacıkişiyevin üzərindən 2 ədəd kağız bükümdə çəkisi 1.164 qram “heroin”,  Z. Əmiraslanovun  üzərindən isə 1 ədəd sellofan bükümdə 0.478 qram “heroin” aşkar olunub.

Möhsün Hacıkişiyev saxlanılan şəxs: Şiştəpə sakinindən 2 qram “heroin”aldım. Özüm istifadə etməliydim. Amma istifadə edə bilmədim. Polislər tərəfindən yaxalandım. 130 manata almışdım.

Zakir Əmiraslanov saxlanılan şəxs: Narkotik vasitə olan heroinlə tutuldum. Ramizdən yarım qram heroin almışdım. Öz istifadəm üçün almışdım. İstifadə edə bilmədim.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni saxlanılan şəxslərə satmaqda şübhəli bilinən Şəmkirin Şiştəpə kənd sakini əvvəllər məhkumluq həyatı yaşayan Ramiz Əliyev də yaxalanıb.

Vüqar Emçiyev müstəntiq: Ramiz Əliyevin Şəmkir rayon Polis Şöbəsində üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 4,809 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı Ramiz Əliyev narkotik vasitələri satış məqsədi ilə İmişli sakinindən aldığını bildirib. Qazanc yolunu narkotik satmaqda tapan şəxsin növbəti cəhdi uğursuz alınıb.

Ramiz Əliyev saxlalınan şəxs: İmişli rayon sakini İlham adlı şəxsdən qramını 35 manata alırdım. Gətirib Şəmkir rayon sakini Elçin adlı şəxsə bir dəfə 2 qramını 130 manata, Zakir adlı şəxsə isə yarım qramını 30 manata satmışam.

Şəmkir və İmişli rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik alqı-satqısı ilə məşğul olan şəbəkənin digər üzvü İlham Qəhrəmanov da saxlanılaraq İmişli rayon Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman çəkisi 17 qram olan “heroin” tapılıb.  

İlham Qəhrəmanov saxlanılan şəxs: Mən İmişli rayon sakini Qəhrəmanov İlham Şəmkir sakini olan Ramizə 3-4 gün bundan əvvəl narkotik vasitə olan heroin satmışam. Bu gündə ona 15 qram narkotik vasitə olan heroini satarkən polis əməkdaşları tərəfindən tutulmuşam.

Hazırda cinayətkar şəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Natiq Hüseyn