• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2563
— 21.05.2020 20:39

"İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam"

KepezTV Player

Prezident İlham Əliyev Ağstafanın icra başçısı Seymur Orucova və İmişlinin icra başçısı Elçin Rzayevə işlərində ədalətli olmağı və öz vəzifə borclarını ləyaqətlə yerinə yetirməyi tövsiyyə edib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Siz işdə də, məişətdə də nümunə göstərməlisiniz və elə işləməlisiniz ki, insanlar sizdən razı olsunlar. İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam. Ona görə vəziyyəti dərindən təhlil edin, həllini gözləyən məsələləri həll etmək üçün səylər göstərin və gücünüz çatmayan işlərin həll edilməsi üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq dövlət orqanlarına müraciət edin.

İcra başçıları sahibkarları investisiya qoyuluşuna inandırmağın yollarını tapmalı, iş yerlərinin yaradılması və rayonların inkişafına töhfə verməlidirlər. Dövlət başçısı iş görmək istəyən sahibkar üçün imkarlar yaratmağı tapşırıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Kənd təsərrüfatının inkişafı ilə bağlı işlər görülməlidir, insanlar işlə təmin edilməlidir, məhsuldarlıq artmalıdır və kənd təsərrüfatının inkişafını şərtləndirən bütün amillər təmin edilməlidir, o cümlədən suvarma suyunun ədalətli bölüşdürülməsi məsələsi. Çünki mənə verilən məlumatlara görə, bəzi hallarda icra başçılarına yaxın olan sahibkarlara su verilir, ancaq kənar adamlara su verilmir. Bu, ədalətsizlikdir və buna son qoyulmalıdır.

Ödənişli ictimai iş yerlərinin yaradılması istiqamətində pozuntuların aradan qaldırılması istiqamətində iş aparılacaq, nə qədər insanın cinayətkar icra başçıları tərəfindən bu imkandan məhrum edildiyi araşdırılacaq. Yeni icra başçılarının fəaliyyəti isə rəhbərlik edəcəkləri rayonların sosial-iqtisadi inkişafında özünü göstərməlidir.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Biz qazlaşdırmanı təxminən 100 faizə çatdırmışıq, 3500-dən çox məktəb, 700-dən çox tibb ocağı, 50-yə yaxın Olimpiya İdman Mərkəzi, nə qədər Gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər tikilib. Bütün bunları biz mənim bilavasitə göstərişimlə dövlət büdcəsi hesabına etmişik. İndi baxaq görək icra başçıları nə iş görüblər, hansı daşı daş üstünə qoyublar. İndi bütün bu işlər təftiş edilir. Mənim ayırdığım vəsait hesabına tikilmiş evlər, yəni, qəzalı evlərin əvəzinə tikilmiş evlərin tikintisində də oğurluq baş verir, həm tikintidə, həm də ki, ondan sonra mənzillərin bölüşdürülməsində. Bu evlərin insanlara tamamilə pulsuz verilməsi nəzərdə tutulubdur. Amma həm tikintidə pul oğurlanır, həm də mənzillər rüşvət müqabilində paylanılır. Deməli insanlardan pul qopardılır.

Bir çox hallarda icra hakimiyyəti başçılarının öz iş otağından çıxmayaraq insanlara münasibətdə laqeydlik, biganəlik və məsuliyyətsizlik nümayiş etdirildiyinə diqqət çəkən dövlət başçısı – “Onlar hesab edirlər ki, orada ağa kimi rəhbərlik etməlidirlər, insanları incitməlidirlər, öz şəxsi maraqlarını təmin etməlidirlər” – deyərək vəzifəyə yeni təyin olunan şəxslərin fəaliyyətinə diqqət göstərilərək, nəzarət olunacağını da vurğulayıb.