• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1239
— 19.05.2020 20:01

Bir neçə ölkə DOST təcrübəsi ilə bağlı Azərbaycana müraciət edib

KepezTV Player

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ƏƏSMN-nin tabeliyində olan Dayanıqlı və Operativ Sosial təminat Agentliyinin Nizami rayonunda yerləşən 3 sayılı DOST mərkəzinin açılışı olub. Ölkədə 2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Onlardan 5-i Bakıda, 26-sı isə regionlarda olacaq. Ümumilikdə DOST mərkəzlərində “bir pəncərə” prinsipi ilə 2,8 milyon insana 132 xidmət göstəriləcək.Yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Bu, çox gözəl sosial təşəbbüsdür. Bildiyiniz kimi, Azərbaycan bu sahədə də liderlik göstərir və DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür. Artıq üçüncü mərkəz açılır və ilk açılan iki mərkəzin fəaliyyəti də çox uğurludur. Vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıbdır. Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır.

"Bu il sosial sahə daha da böyük prioritet kimi gündəlikdə mövcuddur"

“Mən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm”, - deyən dövlət başçısı vurğulayıb ki, bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Bu gün Azərbaycan gəncləri bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından ən yüksək meyarlara cavab verirlər. Azərbaycanda əhalinin sosial təminatı ilə bağlı həyata keçirilən tədbirlərə gəlincə,  Prezident İlham Əliyev deyib ki, sosial sektor daim prioritet sahə olub. Xüsusilə son müddət ərzində - keçən il və bu il sosial sahə daha da böyük prioritet kimi gündəlikdə mövcuddur.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti : Bu ilin xüsusiyyəti ondadır ki, biz indi pandemiya dövründə yaşayırıq və pandemiyaya bizim cavabımız çoxşaxəli olmuşdur. O cümlədən sosial təminatla bağlı çox ciddi, operativ və məqsədə hesablanmış addımlar atılmışdır. ...Pandemiyadan bütün dünya əziyyət çəkir, bütün ölkələr böyük çətinliklərlə üzləşiblər. İnkişaf etmiş ölkələrin bəzilərində iqtisadi tənəzzül 7-10 faiz səviyyəsindədir. Bu, hələ ilkin rəqəmlərdir. Azərbaycanda maliyyə sabitliyini qorumaq üçün bütün lazımi tədbirlər görüldü. Hər kəs bilməlidir ki, əgər maliyyə sabitliyi pozularsa, onda sosial proqramların icrasına da bizim imkanımız çatmayacaq. Mən ilin əvvəlində və pandemiyanın artıq alovlanan dövründə demişəm ki, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək və biz bunu təmin edirik. Eyni zamanda, sosial infrastruktur layihələrinin heç biri ixtisar olunmayıb. Ona görə bu sahəyə göstərilən diqqət və əməli-praktiki addımlar bir daha bizim siyasətimizin mahiyyətini göstərir. Bir də onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Maksimum iki il ərzində bütün şəhid ailələri evlərlə təmin ediləcək.

Şəhid ailələrinin sosial məsələlərinin həllindən danışarkən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu günə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib. Bu il şəhid ailələrinə verilən mənzillərin, evlərin sayı rekord həddə çatıb. 1500 şəhid ailəsinə evlər, mənzillər veriləcək və beləliklə, növbədə duran şəhid ailələrinin sayı 2 mindən az olacaq.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti : Ümid edirəm ki, maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcəkdir. Bununla paralel olaraq, biz minik maşınları da veririk – həm şəhid ailələrinə, həm də Qarabağ qazilərinə. Bu günə qədər 6 mindən çox minik maşını verilib, bu il də 400 maşının verilməsi nəzərdə tutulur. Deyə bilərəm ki, bu sahədə də Azərbaycan liderlik göstərir. Çünki dünyanın bir çox yerlərində müharibələr olub, münaqişələr, insan itkisi olub. Mən, əlbəttə, Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəməzdim, ancaq həqiqət ondan ibarətdir ki, Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsi, hesab edirəm, ən yüksək səviyyədədir.

Prezident İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB-in fəaliyyətindən danışdı

Dövlət başçısı Azərbaycanda koronavirusun qarşısının alınması ilə bağlı görülən işlərdən də bəhs edib. Vurğulayıb ki, əsas məqsəd xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq idi. Bütün digər iqtisadi məsələlər, iqtisadiyyatın tənəzzülə uğraması, iqtisadiyyatda yarana biləcək problemlər arxa plana keçdi. Səhiyyə sistemi qısa müddət ərzində yenidən quruldu.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti :  Mən burada xüsusilə İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyətini yüksək qiymətləndirirəm. Orada da fəaliyyət göstərənlərin mütləq əksəriyyəti gənclərdir və burada da gənclər göstərdilər ki, nəyə qadirdirlər. Çünki belə bir çətin şəraitdə heç bir ölkənin səhiyyə sistemi buna hazır deyildi. Belə bir çətin şəraitdə bütün təşkilati işləri görmək doğrudan da böyük nailiyyətdir. Xəstəxanaları müəyyən etmək, logistika işlərini təmin etmək, xəstələri regionlar üzrə bölmək, karantin rejimində saxlanılanların təminatını təşkil etmək, onlar üçün bütün bu təşkilati-logistik məsələləri həll etmək, xaricdən vətəndaşları təxliyə etmək – biz bütün bunları Operativ Qərargah çərçivəsində, o cümlədən həkimlərin və TƏBİB-in fəal iştirakı ilə təmin edə bilmişik. Ona görə biz artıq aprelin sonunda gördük ki, üç həftə ərzində dinamika müsbətdir, yoluxanların sayı sağalanların sayından azdır və biz yumşalma tədbirlərinə keçdik. Əfsuslar olsun ki, yumşalma tədbirləri yoluxanların sayına mənfi təsir göstərmişdir. Ancaq bu gün vəziyyət tam nəzarətdədir və bütün ölkələr artıq açılır. Hətta pandemiyanın geniş vüsət aldığı ölkələr də açılır və biz də yavaş-yavaş açılırıq. Amma vəziyyəti tam nəzarətdə saxlayırıq.

"Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ olub"

“Çətin gündə kimin imkanı varsa, kömək etməlidir, həyatda da, siyasətdə də. Bu, bizim, adət-ənənələrimizə də uyğundur – deyən prezident İlham Əliyev vurğulayıb ki, bu günə qədər Azərbaycan 13 ölkəyə, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərib. Bu, bir daha bizim məsuliyyətimizi göstərir. Dövlət başçısı deyib ki, pandemiya dövründə həm insanlar, həm də ölkələr özünün əsl simasını üzə çıxardı. Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub və pandemiya bunu bir daha təsdiqləyib.