• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1418
— 18.05.2020 19:53

"Arxiv Zahid"in ilk gedəcək yeri stadion oldu

KepezTV Player

Ölkəmizdə tətbiq olunan karantin rejimi ilə bağlı bütün olimpiya idman kompleksləri, idman məktəbləri, arenalar fəaliyyətini dayandırıb. Belə idman qurğuları sırasında yarım əsrdən çox yaşı olan Gəncə şəhər stadionu da var. O stadion ki, yerli azarkeşlər üçün müqəddəs məkan, futbol sevgisinin məbədi sayılır.

Gəncə stadionu “Kəpəz”in oyunlarına və uğurlarına ev sahibliyi edən idman qurğusudur. Bu arena Gəncə futbolu üçün elə tarixin özü, azarkeşlərin rahatlıq tapdığı ünvandır. Əslində elə futbola rəng qatan onun fanatlarıdır. Odur ki, futbolçular, məşqçilər və bu sahəyə aidiyyatı olan digərləri kimi azarkeşlər üçün də stadion ən doğma yerdir. Şəhər stadionunu özünə ikinci ev bilənlər arasında Zahid Hüseynov da var. 67 yaşlı Hüseynov “Kəpəz” ən qocaman azarkeşləri sırasındadır. Yaşına uyğun olaraq karantin dövründə bayıra çıxmağına qadağa qoyulan Zahid Hüseynov qaydaların yumşaldılmasından sonra ilk dəfə evini tərk edərək stadionun yolunu tutub.

Futbola aid müxtəlif kitablar, qəzetlər, jurnallar, aksesuarlar, formalar və digər əşylar topladığı üçün Gəncə futbolunda hamı onu “arxiv Zahid” kimi tanıyıb, çağırır. “Kəpəz”in nəinki oyunlarında, komandanın gündəlik məşq proseslərində belə Hüseynovu stadionda görmək mümkündür. Həmişə qapılar onun üzünə açıq olsa da, idman qurğularına qoyulan qadağalar hələlik qüvvə qaldığından bu dəfə mühafizə xidməti onu girişdə qarşılamağa məcbur qalıb.

“Kəpəz”in azarkeşlərlə iş üzrə əlaqələndiricisi Elmar Əliyev stajlı fanata mövcud durumla əlaqədar vəziyyəti izah edib. Karantin rejiminə görə idman qurğularının fəaliyyətini müvəqqəti dayandırdığını və bu üzdən stadiona girişə məhdudiyyətlərin qoyulduğunu bildirib. Zahid Hüseynov bunu anlayışla qarşılayıb.

“Kəpəz”in çıxış etdiyi I Divizionda çempionat oyunları martın 13-dən dayandırılıb. Komandalar pandemiya səbəbi ilə məşqlərə də ara verməli olublar.