• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1726
— 18.05.2020 16:05

Pandemiyanın sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasından danışılıb

KepezTV Player

Moldova tərəfinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə Moldovanın Prezidenti İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib. Söhbət zamanı dövlət başçıları koronavirus pandemiyasi ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar, pandemiyanın sosial-iqtisadi fəsadlarının aradan qaldırılması istiqamətində gələcəkdə görüləcək işlərdən danışıblar. Dövlət başçıları ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edərək siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd ediblər.

İqor Dodon - Moldova Respublikasının Prezidenti: Bir neçə gün bundan əvvəl, ötən həftə biz xüsusi təyyarə ilə Sizin göndərdiyiniz yardımı qəbul etdik. Bütün xalqımız adından Sizə təşəkkürümü bildirirəm ki, Bakıdan olan qardaşlarımız bu ağır vəziyyətdə bizə kömək etmək qərarına gəliblər. Bilirəm ki, Sizin ölkədə də pandemiya ilə mübarizə aparılır. Onu da bilirik ki, Siz bunun öhdəsindən layiqincə gəlirsiniz.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Əlbəttə ki, pandemiya bütün ölkələrdə hadisələrin gedişatına, o cümlədən beynəlxalq siyasət məsələlərinə öz təsirini göstərib. Lakin müasir texnologiyalar fəal işləməyə və hətta bu rejimdə ünsiyyət qurmağa imkan verir. 

Prezidentlər pandemiya başa çatdıqdan sonrakı dövrdə ölkələr arasındakı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi məsələlərinə toxunaraq bildiriblər ki, ticarət, iqtisadiyyat, nəqliyyat, energetika və digər sahələrdə əlaqələrin genişləndirilməsi, eləcə də investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli imkanlar var. Bu baxımdan postpandemiya dövründə hökumətlərarası komissiyanın iclasının keçirilməsinin iqtisadi əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyi vurğulanıb. Ölkələrin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və gələcəkdə biznes forumun keçirilməsi perspektivləri müzakirə edilib.