• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2263
— 09.05.2020 13:24

Gəncədə evlərdən oğurluq edən şəxslər saxlanılıblar

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin və tabeli qurumlarının  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində eyni gecədə bir neçə yaşayış evini qarət edən şəxs saxlanılıb. Növbəti tədbirlər zamanı evdən televizor oğurlayan şəxs də yaxalanıb.  

Gəncə şəhər sakini, 25 yaşlı Vüsal Qasımov yaşadığı küçədə 4 fərdi yaşayış evini qarət edib. Evlərə eyni üsulla pəncərədən daxil olan Qasımov, ümumilikdə 5000 manat,  5900 ABŞ dolları, 11000 rus rublu, xeyli miqdarda qızıl zinət əşyaları, eləcə də digər qiymətli əşyaları oğurlayıb. Araşdrımalar zamanı onun digər cinayət əməllərinin də üstü açılıb.

Şahin Musayev Kəpəz RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi: Bundan başqa Vüsal Qasımovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri zamanı onun Gəncə şəhərində daha iki fərdi yaşayış evindən spirtli içkilər və digər məişət əşyalarını oğurladığı müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Vüsal Qasımov oğurluq yolla əldə ətdiyi qiymətli əşyaları müxtəlif ünvanlarda ucuz qiymətlərə satıb. Polis əməkdaşları həmin əşyların bir qismini taparaq maddi sübut kimi götürüblər.

Vüsal Qasımov saxlanılan şəxs: Qonşularımdan oğruluq etmişəm. Pul, qızıl, ev əşyaları oğrulamışam. Televizor, ütü  oğurlayıb dəyər-dəyməzinə satmışam. Pulları Bakı şəhərində kafelərdə, otellərdə yeyib dağıtmışam.

Gəncə şəhər Baş Polis İdarəsi və onun tebeli orqanlarının əməkdaşları tərəfindən keçirilən digər  əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini əvvəllər məhkum olunmuş Vüqar Həsənov da saxlanılıb. O, bu il mayın 5-də şəhər sakininə məxsus mənzilə gizli yolla daxil olaraq oradan 800 manat dəyərində televizoru oğurlamaqda şübhəli bilinir.

Vüqar Həsənov saxlanılan şəxs: Dəmir alırdım. Kimdə lazımsız dəmirlər olurdu onu alırdım. Bu vaxt gördüm blokda daşın üstündə açar var. Gördüm sakitçilikdir, fikrimi dəyişdim. Mənim də pula ehtiyacım varıydı. Açdım evə girdim. Gözümə televizor sataşdı, onu götürüb çıxdım.

Saxlanılan hər iki şəxsin barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aradırmaları davam etdirilir.

Natiq Hüseyn