• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2247
— 09.05.2020 11:08

Faşizm üzərində qələbənin 75-ci ildönümüdür

KepezTV Player

Ölkəmiz Böyük Vətən Müharibəsi illərində yanacağın ən mühüm təchizatçısı olub. Vətən övladlarının həyatı bahasına, müəssisələrimizin gecə-gündüz işləməsi hesabına bu Qələbəyə mühüm töhfə verilib. Elə dövlət başçısı da bu həqiqətləri müsahibələrində daim qeyd edir.

Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızları iştirak edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olub və itkin düşüb. Göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Bu qələbədə Azərbaycan nefti həlledici əhəmiyyət kəsb edib. Prezident İlham Əliyev Rusiyanın nüfuzlu jurnallarından birinə verdiyi müsahibədə belə deyib: "Qızıl Ordu üçün neftin 70 faizini, yanacağın 80 faizini və sürtkü yağlarının 90 faizini Azərbaycan təchiz edib, bunlar olmasaydı, müharibədə qalib gəlmək mümkün olmazdı. Bizim müəssisələrdə gecə-gündüz hərbi texnika, o cümlədən məşhur “Katyuşa” raketləri istehsal edilirdi. Azərbaycan elminin nümayəndələri də ümumi qələbəmizə sanballı töhfə veriblər. Bunu bilən azdır, amma böyük Azərbaycan alimi Yusif Məmmədəliyev sonradan “Molotov kokteyli” adı ilə məşhurlaşmış yandırıcı qarışıq ixtira etmişdi.Azərbaycanda formalaşdırılmış 416-cı Qırmızı Bayraqlı Taqanroq diviziyası Qafqazdan Berlinə qədər şanlı döyüş yolu keçib".

Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Böyük Vətən müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman hörmətlə anılıb. Amma ümumi qələbəyə münasibətin dəyişdiyi illər də olub. Prezident İlham Əliyev bir neçə gün öncə TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibədə də bu mövzuya toxunub.

İlham Əliyev  Azərbaycan Respublikasının Prezidenti : Təəssüf ki, müstəqilliyin ilk illərində, millətə zidd olan Xalq Cəbhəsi rejimi hərbi çevriliş yolu ilə hakimiyyətə gələndə 9 May Günü bayram təqvimindən silinmişdi. Müharibə veteranları mənəvi terrora məruz qalırdı, kütləvi informasiya vasitələrində onlara qarşı qəddar kampaniya aparılırdı. Yalnız Heydər Əliyev hakimiyyətə gələndən sonra 9 May Günü bayram təqvimində bərpa olundu. O vaxtdan həmin gün dövlət bayramıdır. Bu qeyri-iş günüdür. Ədalət zəfər çaldı.

Azərbaycanda müharibə veteranlarının sosial problemlərinin həlli hər zaman diqqət mərkəzində saxlanılıb. 9 May - Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir. Dəhşətli müharibədə qəhrəmanlıq göstərənlər bu gün də xatırlanır və illər keçsə də onların qazandığı tarixi Qələbə öz əhəmiyyətini itirməyəcək.