• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2304
— 08.05.2020 19:55

Muğam sənətinin “Xan”ının Şuşasız yadigarı

KepezTV Player

Bu gün alınmaz şəhər hesab edilən Şuşanı itirdiyimiz gündür. 28 ildir Qafqazın konservatoriyası hesab edilən şəhərdə Azərbaycan musiqisi səslənmir. Heç xarı bülbül də əvvəlkitək açmır o diyarda. Ancaq xatirələrdə yaşayır Şuşa, qəlblərə dağ çəkə-çəkə. Tanınmış şəxsiyyətlərinin ruhu hələ də narahat olaraq dolaşır oralarda. Şuşa həsrətindən Xan Şuşinskinin yadigarı Bəyimxanım Verdiyeva danışacaq.

Bizim mədəni irsimizin təməlidir Şuşa. Lakin Şuşa işğal nəticəsində sükuta qərq olub. Ürəyimizdə arzu, qarşımızda məqsədə çevrilən bu diyar bulaqları, mənzərələri, mədəniyyəti ilə, böyütdüyü ölməz sənətkarları ilə dünən də vardı...bu gün də var.. sabah da var olacaq! Qoynunda doğulan, boya-başa çatan, tariximizdə iz qoyan şəxsiyyətləri var bu diyarın. Söhbət milli musiqi xəzinəmizin zənginləşməsində böyük pay sahibi - muğam sənətimizin “Xan”ı Xan Şuşinskidən gedir. Sənətkarın qızı atası ilə bağlı xatirələrini belə dilə gətirir.

Bəli, Şuşanın təbiətini dil ilə vəsf etmək qeyri-mümkündür. Həmsöhbətimiz doğma torpağımız - Qarabağımızda keçirdiyi xoş günlərin həsrətini öz sosial şəbəkə hesabında bu paylaşımlarla canlandırıb. “Atamın doğma vətəninə, Azərbaycanın dilbər guşəsinə olan böyük məhəbbəti nəticəsində o, 1930-cu illərin əvvəlində söz və musiqisi ona aid olan “Şuşanın dağları” mahnısını yazmışdır." deyir sənətkarın övladı.

Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri 28 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Şuşasız ötən hər il həsrətimizi daha da artırır, amma ümidimizi öldürmür. Çünki, “Şuşasız Qarabağ, Qarabağsız isə, Azərbaycan yoxdur”.