• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1884
— 08.05.2020 20:01

Gəncədə karantin qaydalarını pozanlar

KepezTV Player

Xüsusi karantin rejimi tətbiq ediləndən fəaliyyəti qadağan olunmayan marketlər bu gün də alıcıların tez-tez üz tutduğu məkandır. Amma rejimin tələblərinə nə alıcı əməl edir, nə satıcı. Demək olar ki, heç sahibkarlar da bu işdə qətiyyət göstərmir. Düzdür Gəncədə irili-xırdalı marketlərin hamısına bunu şamil etmək düzgün olmasa da müşahidələr onu deməyə əsas verir ki, vətəndaşların mövcud situasiyada daha məsuliyyətli davranmaları üçün nə isə etmək labüddür. Dövlət başçısının narahatlığına səbəb də elə bu məqamdır.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Açın istənilən kanalı baxın. Mən dünən baxmışam. Dayanıblar bankın qarşısında, bir-birinin yanında. Maska yox, müxbirlər soruçurlar nə üçün, elə bil ki, uşaqdırlar. Məktəb uşaqlarıdır. Min cür bəhanə gətirirlər. Ay yadımdan çıxdı, ay havada maska lazım deyil, ay cibimdədir. Bu dözülməzdir. Bu zarafat deyil. Hər kəs bunu çox ciddi qəbul etməlidir. Belə adamlara qarşı ciddi cəza tədbirləri olacaq. Bütün aidiyyatı orqanlara mən müraciət edərək deyirəm, cəza tədbirlərini sərtləşdirin. Biz vətəndaşları qorumalıyıq. Hansısa intizamı pozan, məsuliyyətsiz adama görə, biz imkan verə bilmərik ki, vətəndaşlarımız xəstələnsin, ölsün.

Son günlərdə ölkənin ikinci böyük şəhəri Gəncədə yoluxma sayını artıran amillər sırasında gözlənilməyən ara məsafəsi, şəxsi mühafizə vastələrindən istifadə edilməməsidir. Sağlamlığa təhlükə yaradan və virusun yayılmasına gətirib çıxaran əlcək və maskadan istifadə edilməməsi də daxil olmaqla sosial izolyasiya qaydalarına əməl olunmaması daha çox sakinlərin sıx olduğu məkanlarda müşahidə edilir. Bu baxımdan marketlər ön sıradadır.

Xüsusi karantin rejimi 31 May tarixinə qədər uzadılan və narıncı bölgə elan edilən şəhərlər arasında Gəncə şəhəri də var. Şəhərdə nəzarət tədbirləri gücləndirilsə də, bəzi sakinlər buna səthi yanaşırlar.

Bu yanaşma bir neçə marketdə apardığımız müşahidə nəticəsində özünü doğruldur. Maskasız və əlcəksiz alış-verişə gələnlər, ara məsafəsini gözləmədən məhsul almağa çalışanlar, “Əşşi, boş şeydir, virus filan yoxdur” deyənlər vəziyyətin ciddiliyinə deyəsən varmırlar.

Göründüyü kimi müxtəlif cavablar olsa da məsələ bununla da yekunlaşmır. Mağazada çəkiliş aparan zaman yaşı 65-dən yuxarı olanlara da rəst gəldik, əlcək taxmadan məhsula toxunanlara da. Hansı ki, bu hallar xüsusi karantin rejiminin tələblərinin jobud şəkildə pozulmasıdır.

Təəsssüflə deməliyik ki, bu yerdə həmin mağazada xidmət aparanların da payı az deyil. Əhalinin ərzaq məhsulları ilə təminatını həyata keçirən belə məkanlarda ikiqat təhlükəsizlik tədbirləri görülməli olsa da bəzi sahibkarların buna barmaqarası münasibətinin də şahidi olduq. “Bazarstore”un Gəncədəki təmsilçiliklərinin grişində əllərin dezinfeksiyası üçün xüsusi məhlul ifraz edən qurğu mövcud olsa da, nə kassa arxasında dayanan satıcılarda, nə də marketin müxtəlif bölmələrində çalışan işçilərdə maska və əlcəkdən istifadə edilmədiyinin şahidi olduq. Düzdür, çəkilişin aparıldığının fərqinə varandan sonra özünü izolyasiya vasitələri ilə təminat aparılsa da bunun görüntü xarakteri daşıdığını sezmək elə də çətin deyildi. Eyni vəziyyətə “Hiper Əminə” mağazasında da şahidlik etdik. Çəkiliş etdiyimiz zaman boşalan piştaxtaları yeni məhsullarla təmin edənlərdən tutmuş, inzibatçılara qədər işçilərin təmasla bağlı tələb və tövsiyyələrə əməl etmədiyini deyə bilərik.

“İgidi öldür, amma haqqını yemə” ifadəsinə uyğun olaraq digər mağazalarda gördüklərimiz isə təqdirəlayiq hesab oluna bilər. İşçilərin xüsusi qoruyucu tibbi ləvazimatlardan istifadəsi, gündəlik dezinfeksiya məsələləri sağlamlığın təminatı baxımından “BolMart”, “Araz Market”, “Gold Əminə” mağazalarında vəziyyət nisbətən stabildir. Çünki bu marketlərdə də nisbilik yaradan məsuliyyətdaşımaqdan boyun qaçıran vətəndaşlardır.

Ramin Kərimov - mağaza müdiri: Gündəlik olaraq döşəmə, kassa ətrafı, müştəri dolabları, arabalar dezinfeksiya edilir. Müştəri hara təmas edirsə, həmin yerlər mütəmadi olaraq dezinfeksiya edilir. Ümumi olaraq personalımız 18 nəfərdən ibarətdir. Növbəli iş qrafiki təşkil etmişik. Mağazamız gün ərzində xüsusi maddələr vasitəsilə 5 dəfə dezinfeksiya olunur. İşçilərimiz maska ilə təmin olunub.

Evdən çıxarkən və əhalinin sıx olduğu yerlərdə tibbi maskadan istifadənin zəririliyi tənəffüs orqanlarını hava-damcı yolu ilə ötürülən virus və bakteriyalardan qorumaq məqsədi daşıyır. Hətta postpandemiya dövründə də fərdi mühafizə vasitələrindən istifadəni tibb işçiləri də vacib sayır.

Arzu Abdullazadə - klinik-əczaçı: Yoluxmanın qarşısının alınması üçün tibbi maskalardan istifadə olunmalıdır. Çünki koronavirusun yayılma mənbəyi hava damcı və təmas yolu ilədir. Ona görə də, bu virusdan qorunmağın yolu maskalardan istifadədir ki, yoluxma sayı artmasın.

Daxili İşlər Nazirliyi də evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etməyi, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamağı vətəndaşlara tövsiyyə edir. Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən inzibati qaydada görülən tədbirlər isə sağlamlığın qorunmasına və əhalini daha məsuliyyətli davranmağa təhrik edən zəruri adımlardır.

Valeh Anaroğlu