• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1008
— 03.05.2020 12:09

Ramazanda hansı qidalardan uzaq duraq?

KepezTV Player

Oruc tutmaq sağlamlığa zərər vermədən yerinə yetirilən ibadətdir. Bunu hər kəs bilir. Elə bu səbəbdən Ramazan ayı ərzində ən çox danışılan mövzulardan biri də düzgün qidalanmaqdır. Əksəriyyət məsələnin həllini imsak və iftar vaxtı hər təamdan artıqlamasıyla dadmaqda görür. Bəs, düzgün olan nədir? Kimlərə ümumiyyətlə, oruc tutmaq olmaz? Daha hansı doğru bildiyimiz yalnışlar var?
 

Şəhla Verdiyeva - endokrinoloq: İftar yeməklərində desert kimi, şirniyyatlara adət eləmişik. Amma əslində bu bacardığımız qədər uzaq duracağımız məhsullardır. Şirniyyat gecə yarısı ani şəkər düşməsinə səbəb ola bilər və yaxud insulin səviyyəsini artırdığına görə imsakda özümüzü narahat hiss etməyimizlə nəticələnə bilər. Mümkün qədər yüngül, tərkibində süd olan məhsullardan istifadə yaxşı olar. Ağır şirniyyatlardan qaçmaq lazımdır.

İftarda şirniyyatlar qədər, xəmir xörəklərindən istifadə də düzgün sayılmır. Axşam saatlarında az hərəkətli olduğumuzu nəzərə alıb, gec həzm olunan deyil, faydalı qidaları qəbul etmək lazımdır. Qanda şəkərin miqdarını normada saxlamaq və gün boyu gümrah olmaq üçün isə imsak etmək vacibdir. Xroniki xəstəliyi olanlar müayinədən keçmək şərtilə, həkim nəzarəti altında oruc tuta bilərlər. Lakin bir qrup üçün insanlar ümumiyyətlə, oruc tutmağı planlaşdırmaq belə doğru deyil.

Şəhla Verdiyeva - endokrinoloq: Kəskin infeksion xəstəlikdən əziyyət çəkənlər, böyrək, qaraciyər çatışmazlığı olan xəstələr, kontrolsuz diabet xəstələri, son 1 ay ərzində şəkər düşmələri yaşayan, son 3 ayın içərisində miokard və ya kəskin ürək çatızmalığı ilə müalicə alan xəstələr, təzyiqi olanlar mümkün qədər oruc tutmasalar yaxşı olar.

Ramazan inanclı insanlar üçün özəl bir aydır. Bu ayda orqanizm yenilənir, insan özündə müəyyən rahatlıq hiss edir. Təbii ki, əgər sağlam, düzgün və normasında qidalansa...

Bütün dünyanı öz təsiri altına alan Covid-19 virusu ilə mübarizədə immun sisteminin güclü olması başlıca şərtdir. Orqanizmimizi bütün xəstəliklərə qarşı müqavimətli etmək isə öz əlimizdədir. Bunun üçün düzgün və sağlam qidalanmağımız kifayətdir. İstər Ramazan ayında, istərsə də bu dönəmdən sonra.. Axı bizə bəxş olunan ən dəyərli nemət elə sağlamlıqdır. İradəmizi gücləndirərkən, cisminizin zərər görməməsi, orucunuzun qəbul olunması diləyilə...