• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2079
— 24.04.2020 19:11

Ölkədə koronavirusla bağlı statistik göstəricilər açıqlandı

KepezTV Player

“Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi ictmai-iaşə obyektləri, ictimai nəqliyyat və digər sahələr üzrə davranış qaydalarını hazırlayır”. Bunu bu gün karantin rejimində məhdudiyyətlərin sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Qaydalar koronavirusla bağlı saytda yerləşdiriləcək. Ramin Bayramlı koronavirusla bağlı statistikanı da açıqlayıb. Azərbaycanda COVİD-19 virusa yoluxmanın 52,1 faizi Bakının payına düşür. Yoluxmanın 7,62%-i Gəncə-Qazax, 6,88%-i Aran bölgəsinin payına düşür. Ölkədə koronavirusa yoluxanların 5 faizi 0-9 yaş arası uşaqlardır. 6 faizi 10-19, 14 faizi 20-29, 18 faizi 30-39, 16 faizi 40-49, 22 faizi 50-59, 13 faizi 60-69, 4 faizi 70-79, 2 faizi isə 80 yaşdan yuxarı şəxslərdir. Virusa yoluxanların 54 faizi qadınlar, 46 faizi kişilərdir. TƏBİB sədri onu da vurğulayıb ki, bu yaxınlarda Rusiyadan gələn 548 nəfər arasında koronavirusa yoluxma halları aşkarlanıb.

Ramin Bayramlı deyib ki, statistik göstəricilər müsbət notlara köklənməyə əsas verir. Hazırda da Operativ Qərargahın tibb bölməsi tərəfindən epidemioloji göstəricilərin statistik təhlili aparılır və məhz bu göstəricilərə görə karantin rejimi tədbirlərinin tədricən yumşaldılması haqqında qərarlar qəbul oluna bilir. Əgər göstəricilər arzuolunmaz istiqamətdə sürətlə dəyişərsə, karantin rejimi qaydalarına yenidən baxıla bilər. TƏBİB sədri karantin tədbirləri aradan qaldırılarkən nəzərə alınmalı tədbirləri də açıqlayıb.

Ölkədə hələ də epidemioloji gərginlik müşahidə olunduğunu deyən səhiyyə nazirinin müavini Viktor Qasımov onu da qeyd edib ki, Azərbaycanda diaqnostik testlərin sayı çoxalıb: “Testlərin nəticəsi də göstərir ki, yoluxma halları müəyyən qədər azalıb, son iki həftə ərzində demək olar ki, artım olmayıb. Eyni zamanda koronavirusa yoluxanların 60 faizindən çoxu sağalıb. Ona görə də karantin rejimini mərhələ-mərhələ azaltmaq, ləğv etmək olar. Bunun üçün davranış qaydaları olmalıdır. Əhali bilməlidir ki, özünü yoluxmadan necə qorusun. Dövlət üzərinə düşən bir çox vəzifələri yerinə yetirdi. Vətəndaşlar bundan sonra davranış qaydalarına riayət etsə, xəstəliklə mübarizəmizi başa çatdıra bilərik”. Səhiyyə nazirinin müavini nəzərə çatdırıb ki, karantin tədbirləri yumşalan zaman hansısa zonada yoluxma artarsa, bu halda yenə də karantin rejimi sərtləşdirilə bilər: Viktor Qasımovun sözlərinə görə, bəzi regionlarımız artıq bu xəstəlikdən təmizlənib.