• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1590
— 24.04.2020 16:03

Aprelin 27-dən məhdudiyyətlərin bir qismi yumşaldılacaq

KepezTV Player

Azərbaycanda karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 27 aprel saat 00:00-dan etibarən “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır. Fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla), kitab, qəzet, dəftərxana mallarının satışı, çap və surətçıxarma fəaliyyəti, fotoatelye/fotostudiyalar, fərdi mənzillərdə təmizlik xidmətləri, dərzi xidmətləri; kosmetika və ətriyyat, geyim, ayaqqabı və dəri məmulatlarının satışı, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti, mobil cihazların, ehtiyat hissələrinin və aksessuarlarının satışı və təmiri, kompüter avadanlıqlarının satışı və təmiri, elektronika və məişət texnikasının satışı, mebel, avtomobil, kimyəvi məhsulların, gül və bitki məhsullarının, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının, gübrə və aqrokimyəvi məhsulların satışı sahələrində fəaliyyət bərpa olunur. Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır. Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir. 27 aprel saat 00:00-dan etibarən yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılır. Qeyd edilən tarixdən etibarən bəzi fəaliyyət sahələrinə dair məhdudiyyətlər aradan qaldırıldığından 8103 nömrəsinə icazə almaq üçün aşağıdakı hallarda müraciət olunacaq: 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2 rəqəmi - hazırda fəaliyyətinə icazə verilən sahələr üzrə xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir); 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün. Operativ Qərargahdan o da vurğulanıb ki, COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.