• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1205
— 24.04.2020 12:19

Bakıda kiber cinayətlər törədən Bolqarıstan vətəndaşları tutulublar

KepezTV Player

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları beynəlxalq kibercinayətkar şəbəkənin üzvlərinə qarşı xüsusi əməliyyat keçiriblər. Ölkənin bank sektoruna qarşı kibercinayətlər törətməkdə təqsirli bilinən Bolqarıstan Respublikasının vətəndaşları saxlanılıblar. Onların paytaxt ərazisində müxtəlif banklara məxsus bankomatlara müdaxilələr etdikləri məlum olub.

Bakı şəhəri ərazisində yaxalanan Marian Stoychev və Vladislav Mladenov fevral və mart aylarında Azərbaycana gəliblər. Qrup üzvləri bankomat aparatlarının kart oxuyucu hissəsinə xüsusi qurğular yerləşdirərək bu yolla müştərilərə məxsus kartların PİN kodları barədə məlumatları əldə ediblər və kartların qeydiyyatını aparıblar.

Məlumatları öyrəndikdən sonra hesablardakı pulları transmilli mütəşəkkil cinayətkar dəstənin Avropa ölkələrindəki digər üzvləri ilə birgə xarici banklarda saxta sənədlər əsasında açdıqları hesablara köçürmək niyyətində olublar. Lakin cinayətin qarşısı vaxtında alınıb. Həmin şəxslərin paytaxt ərazisində kirayə yaşadığı mənzilə baxış zamanı çoxsaylı elektron məlumat daşıyıcıları, bank kartlarından məlumatları ələ keçirmək üçün qurğular, bankomatlara quraşdırılması nəzərdə tutulan xüsusi avadanlıqlar, noutbuklar, bankomatların yerləşdiyi ərazilərin siyahısı və sxemləri, eləcə də sair maddi sübutlar aşkar olunaraq götürülüb. Qrup üzvləri bankomatlara müdaxilələr etmək üçün əldə etdikləri xüsusi qurğuları səsgücləndiricinin içində gizlədiblər. Bolqarıstan vətəndaşlarının paytaxt ərazisindəki bütün hərəkət trayektoriyaları, müdaxilə etdikləri bankomatlar və əlaqədə olduqları şəxslərin əhatə dairəsi hərtərəfli araşdırılıb. Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Transmilli mütəşəkkil cinayətkar şəbəkənin Avropa ölkələrindəki əlaqələrinin müəyyən olunması, həmçinin saxlanılan şəxlərin digər cinayət əməllərinin aşkar edilməsi istiqamətində müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.