“Bu gün biz hamımız çətin günlər yaşayırıq. Yeni, bugünədək elmə məlum olmayan təhlükəli xəstəlik - koronavirus epidemiyası gündəlik həyatımızı alt-üst edib. Müasir dünya hələ belə böhranla qarşılaşmamış və bu miqyasda karantin tədbirləri tətbiq etmək zərurəti ilə üzləşməmişdir”. Bunu Birinci vitse-prezident Mehriban Əliyeva bildirib. Qeyd edib ki, koronavirus pandemiyası müasir səhiyyə sistemi üçün son dərəcə çətin sınaq oldu. Bu mübarizə müxtəlif peşə sahibləri olan bir çox insanlardan gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir. Amma ən vacib və ən mürəkkəb vəzifəni bu gün bizim tibb işçilərimiz, həkimlərimiz, tibb bacılarımız, texniki heyət, alim və laborantlarımız yerinə yetirirlər. Epidemiya ilə mübarizədə ön cəbhədə olan məhz onlardır. "Gərgin əməyiniz, fədakarcasına çalışmağınız sonsuz təşəkkürə layiqdir. Əminəm ki, bu qorxunc epidemiyanın qarşısının alınması üçün siz əlinizdən gələni edirsiniz və bundan sonra da edəcəksiniz. Biz sizə, sizin peşəkarlığınıza hədsiz dərəcədə inanırıq. Sizə cəsarət, dözüm və ən əsası cansağlığı arzulayıram! Uca Tanrı sizi qorusun!” deyə birinci vitse prezident vurğulayıb.
- Baxış: 195