• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1560
— 29.03.2020 11:49

"Bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir"

KepezTV Player

"Koronavirus ölkə iqtisadiyyatına da böyük zərbədir. Aparıcı beynəlxalq maliyyə qurumları da artıq açıq şəkildə bəyan edirlər ki, bu xəstəlik və onun törətdiyi və törədə biləcəyi fəsadlar 2008-2009-cu illərin böhranından daha da ağır olacaqdır. Dünya iqtisadiyyatına böyük zərbə vurulubdur. Üstəgəl neftin qiyməti iki dəfədən çox düşdü və 24 dollar səviyyəsindədir. Bu, əlbəttə ki, bizim üçün böyük itkilərə gətirib çıxaracaq. Ancaq bizim əvvəlcədən qəbul edilmiş qərarlar əsasında gördüyümüz işlər hesab edirəm imkan verəcək ki, biz bu sınaqdan da şərəflə çıxa bilək". Bu fikirləri prezident İlham Əliyev ötən gün Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirakı zamanı səsləndirib. Vurğulayıb ki, koronavirus xəstələrinin buraya yerləşdirilməsi düzgün qərardır. Çünki hazırda bu insanlar ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Hesab edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir. Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın. Yaşı 65-dən yuxarı olan insanlar küçəyə çıxa bilməzlər. Bunu onlar başa düşməlidirlər. Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar. Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Mən bir daha demək istəyirəm ki, dövlət nə lazımdırsa edir. Həkimlər əllərindən gələni edirlər. Xalqımız birlik, həmrəylik nümayiş etdirir. Ümid edirəm ki, məsuliyyət də lazımi səviyyədə olacaqdır. Belə olan halda, biz bu çətin sınaqdan az itkilərlə çıxa bilərik, öz vətəndaşlarımızın sağlamlığını qoruya bilərik. Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq.