• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1316
— 13.03.2020 19:28

Viruslara qarşı effektiv mübarizə üsulu

KepezTV Player

Bir neçə müddətdir ki, gündəmi zəbt edən koronivurus barədə demək olar ki, hər gün məlumat alırıq. Ölümcül virusun geniş arealı əhatə etməsi çoxlarını təşvişə salır. Amma hazırki mövsümün əksər viruslar üçün əlverişli olduğunu nəzərə alsaq, digər yoluxucu xəstəliklərdən də sığortalanmadığımızı rahatlıqla başa düşə bilərik. Odur ki, diqqətli olmaq lazımdır. Həkimlərin xəbərdarlığı var. Hər hansı bir virusa yoluxmaq istəmiriksə, gigiyena qaydalarına ciddi əməl etməliyik.

Bəs görəsən, Gəncə sakinləri mövsümi viruslara yoluxmamaq üçün hansı gigiyena qaydalarına riayət edir?

Gigiyenik normaların gözlənilməsi qədər, onun düzgün qaydada həyata keçirilməsi də vacib nünansdır.

Şəhla Verdiyeva - terapevt: Bu gün insanların yaşam müddətinin uzanması, daha çox yaşamağımızın bir səbəbi var, gigiyena qaydalarına əməl etmək. Gigiyena qaydalarına nə qədər ciddi əməl edərsək, bütün viruslardan özümüzü qorumuş olarıq. Düzgün qaydada yuma işləri aparmaq şərti ilə. Burun və ağız boşluğu hipertonik məhlullarla yuyulsa daha yaxşı olar...

Əli Quliyev - Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasının şöbə müdiri: Xəstələr və sağlam şəxslər hər 15 dəqiqədən 1 əllərini sabunla yumalıdırlar. Birdəfəlik spirtlərdən də istifadə etmək olar. Müəyyən simptomlar zamanı özbaşını dərman qəbulu qəti qadağandır.

Həkimlər qabaqlayıcı tədbir kimi əlləri xüsusi antiseptik məhlullarla, minumum 30 saniyə ərzində yumağı, dezinfeksiyaedici vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Lalə Cəfərova - həkim-infeksionist: Spirt də dezinfeksiyaedici, mikrob əleyhinə vasitə kimi istifadə olunur. Lakin ondan istifadə zamanı ehtiyatlı olmalıyıq. 96%-lik spirt dəridə müəyyən dəyişiklər yarada bilər. 70%-lik spirt istifadə üçün daha məqsədyönlüdür.

Yoluxucu xəstəliklər arasında yer alan hava-damcı infeksiyaları, adından məlum olduğu kimi insana hava vasitəsilə nüfuz edir və bu səbəbdən xüsusi təhlükəli sayılır. Belə situasiyalarda xəstəliyə yoluxan şəxslərlə maksimum az təmasda olmaq, hər-hansı narahatlıqlar müşahidə olunarsa, ən yaxın tibb məntəqəsinə müraciət etmək məqbuldur. Nəzərinizə çatdıraq ki, bol vitaminli qidalar qəbul edib, düzgün yuxu rejiminə əməl etməklə də təhlükəli viruslardan müəyyən qədər qorunmaq mümkündür.