• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1811
— 09.03.2020 19:42

Xalçaçılıq ənənələri yaşadılır

KepezTV Player

Xalçaçılıq Azərbaycanın ən qədim və zəngin bir sənət növüdür. Bu qədim sənətin zənginliyini qorumaq üçün “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin regionlarda filialları yaradılır. Bu bir tərəfdən sənətin yaşadılması, digər tərəfdən məşğulluğun təminatı baxımından önəm daşıyır. Xüsusilə də xanımların. Goranboyda yenicə fəaliyyətə başlayan müəssisə də bölgəyə xas xalça növlərinin istehsalı baxımından əhəmiyyətlidir.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy filialı toxuculuq emalatxanası, xalça-satış salonu və yardımçı bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçalarını toxmaq imkanı var. Burada əsasən Gəncəbasara xas orijinal xalça çeşnilərinə üstünlük verilir. Həmçinin Azərbaycanın ən qədim xalça növləri də burada toxunur.

Gördüyünüz bu xalça Azərbaycanın ən qədim xalçaçılıq növünə aid olan Qarabağ xalçasıdır. Xalçanın hündürülüyü 3 metr eni isə 2 metrdi. Xalçanın üzərində butalar və butaların içərisində isə güllər toxunub. Bu güllərin və butaların olması Qarabağ xalçasına məxsus olmasına sübütdur. Çünki digər xalça növlərində bu cür butalar və naxışlar yoxdu.

Burada toxunan çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanaraq göndərilir.

Ziyafət Orucəliyeva - emalatxana rəisi: Xalçaçılıq Azərbaycanın ən qədim sənətidir. Qədimdən nənələrimizdən bizə qalıb, bizdə onu yaşadırıq. İplər bizə Bakıdan gəlir. Yeddi rəngdən istifadə olunur. Çeşnidə nə var onu toxuyurlar. Qızları başa salıram, xananı qururuq başlayıb dəhnə döyürük, sonrada toxuyurlar. Hamısı da bilir, yaxşı da toxuyurlar.

Emalatxana zəruri xammal və ləvazimatlarla, müxtəlif rəngli yun iplərlə, həvə, qayçı və bıçaqla təmin edilib. Burada hazırda 45 işçi çalışır ki, gələcəkdə işçilərin sayının 3 dəfəyədək artırılması nəzərdə tutulub. Toxucular əsasən Goranboy sakinləridir. Onlar ay ərzində təxminən 1-2 kvm xalça toxuya bilirlər. Hazırda isə filialın aylıq hədəfi 25-30 kvadrat metrə çatdırmaqdı.

Saray Əşrəfova - toxucu: Bu nənələrimizdən, analarımızdan qalan mirasdı. Mənim nənəmdə yaxşı toxucu olubdu. İşimizdən çox razıyam istiyərəm ki, evdar qadınlar hamısı gəlsinlər işləsinlər. Mən özüm ay ərzində 1 kvadrat toxuya bilirəm. Qədimi butalardan istifadə edirik. Bizə göndərilən çeşnilər üzərində işləyirik, rahatdı.

Natiqə Ələkbərova - toxucu: Əyrişlər Bakıdan gəlir. Birinci həmin əyrişləri dolayırıq sonra toxumağa başlayırıq. Asantdı, xanımlar işləyə bilərlər. Xanım üçün ən yaxşı işdi.

“Azərxalça”nın regionlarda filiallarının yaradılması xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsidir.

 

Elnur Vahidoğlu