• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2135
— 09.03.2020 12:07

Azərbaycanda çinli və iranlılardan 1 milyondan çox maska götürüldü

KepezTV Player

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ölkə ərazisində tibbi maskalara artan tələbatdan sui-istifadə edənləri ifşa edib. Bu ləvazimatları real dəyərindən dəfələrlə baha qiymətə satma cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslər saxlanılıb.

Əməliyyat zamanı yaranmış vəziyyətdən sui-istifadə edərək qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, içərilərində xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb. Belə ki, İran vətəndaşları Bahadur Davud, Moenifard Seyidməhəmməd, Saviz Amiryusif külli miqdarda tibbi maskaları satmaq istəyən zaman tutulublar. Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı iki Çin vətəndaşının ölkədən qaçaqmalçılıq yolu ilə öz vətənlərinə göndərmək məqsədilə tədarük etdikləri külli miqdarda tibbi maskalar onların Bakı şəhəri Yasamal rayonunda kirayədə yaşadıqları mənzildən aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Çin vətəndaşlarını külli miqdarda tibbi maska ilə təmin etməkdə şübhəli bilinən paytaxt sakini Arif İsmayılov da müəyyən edilərək saxlanılıb. Daha bir tədbir zamanı  Xaçmaz rayon sakini Elvin Balamətov, Bakı şəhər sakini Elşən Ələkbərov, eləcə də paytaxt sakinləri Aslan Musayev, Şahin Fərzəliyev və Vaqif Mehbalıyev tibbi maska satarkən saxlanılıblar. Bu şəxslər tibbi maskaları real dəyərindən dəfələrlə baha qiymətə satışa təqdim etdikləri üçün ifşa ediliblər. Baş İdarə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ümumilikdə 1 milyon 50 min ədəd tibbi maska müəyyən edilərək dəstə üzvlərindən maddi sübut kimi götürülüb. Aşkar edilən faktlarla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırmalar davam etdirilir.