• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2244
— 09.03.2020 12:03

Şəmkirdə internet klubunu qarət edən şəxslər saxlanılıblar

KepezTV Player

Şəmkir polisi oğurluqda şübhəli bilinən iki nəfəri saxlayıb. Həmin şəxslər rayon ərazisində fəaliyyət göstərən internet klubunu qarət etməkdə şübhəli bilinirlər.

Mart ayının ilk günlərində Şəmkirin Qaracəmirli kəndində naməlum şəxslər Ramin  İbrahimliyə məxsus obyektə qanunsuz daxil olaraq oradan 4 ədəd müxtəlif markalı televizor, 4 ədəd oyun aparatını götürüblər. Zərərçəkənin müraciəti əsasında dərhal hadisə yerinə gələn Şəmkir rayon polis şöbəsi Kür polis bölməsinin əməkdaşları oğurluğun üstünü “isti iz”lərlə açıblar. Müəyyən edilib ki, internet klubunu qarət edənlər iki Gəncə sakinidir.

Elvin Gözəlov - baş müstəntiq: “Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyən olunub  ki, Gəncə şəhər sakinləri - əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfərlərlə məhkumluq həyatı yaşayan Ayxan Hüseynov və Fuad İbrahimov qabaqcadan əlbir olub Şəmkir rayonunun Qaracəmirli kəndinə gələrək orada yerləşən Ramin İbrahimliyə məxsus internet kluba qanunsuz daxil olub, ümumi dəyəri 6500 manat olan 2 ədəd LG, 2 ədəd NİKAİ markalı televizor və 4 ədəd oyun aparatlarını gizli talayıb oğurlayıblar. Həmin şəxslər tərəfimdən şübhəli şəxs qismində tutulub. Onların oğurladıqları oyun aparatları və televizorlar maddi sübut kimi götürülüb”.

Araşdırmalarla müəyyən edilib ki, Fuad İbrahimov və Ayxan Hüseynov oğurluq yolla əldə etdiklərini Gəncədə müxtəlif şəxslərə dəyər-dəyməzinə satıblar. Pulunu isə özləri üçün xərcləyiblər.

Ayxan Hüseynov - saxlanılan şəxs: “Fuadla şəhərdə maşınla gəzirdik. Üzü Şəmkir istiqamətinə gedirdik. Bir az pul lazım idi. Gəldik, tanımırdıq kəndi. Deyəsən, Qaracəmirli kəndidir. Girdik ora. Dedik qabağımıza nə isə çıxsa apararıq.

Fuad İbrahimov - saxlanılan şəxs: “Səhəri gün mənim bir tanışım var. Çayçıda onunla rastlaşdıq. O da evi üçün televizor axtarırdı. Yalanla dedim mənim tanışımda ucuz qiymətə var. Ona 200 manata satdım”.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. Onların ətraf şəhər və rayonlarda oxşar cinayətlər törədib-törətmədiyi araşdırılır.

Natiq Hüseyn