• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 998
— 04.03.2020 11:57

Prezident İlham Əliyev bir sıra açılışlar edib

KepezTV Player

Prezident İlham Əliyev Goranboy rayonuna səfəri çərçivəsində Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib. Dövlət başçısının  iştirakı ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışı olub. Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış olub. Tibb ocağının kollektivi ilə görüşüb. Hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar ki, bütün ölkələrdə bu məsələ müzakirə olunur. Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır – deyən dövlət başçısı apteklərdə yaranan maska çatışmazlığına da toxunub.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşahidə olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir. Ona görə bir daha Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur.

Dövlət başçısı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy filialının fəaliyyəti ilə də tanış olub. Burada 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Daha sonra Şəmkir rayonuna səfər edən Prezident İlham Əliyev Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlət başçısının iştirakı ilə “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib.“Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksinin kollektivi ilə görüşü zamanı Prezident İlham Əliyev deyib ki, Şəmkirçay su anbarından götürülən və burada təmizlənən su Gəncə, Samux və Şəmkir şəhərlərinin böyük hissəsini təmin edəcək.

Prezident İlham Əliyev Qazax rayonuna səfəri çərçivəsində Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Avtomobil yolunun tikintisi 3 yaşayış məntəqəsinin və orada yaşayan 13 mindən çox əhalinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Prezident Qazaxda əhəng zavodunun açılışında da iştirak edib. Zavodda əsasən yerli xammaldan istifadə olunacaq. Hazırlanan məhsulların 60 faizi daxili bazarın tələbatının ödənilməsi, 40 faizi isə ixracat üçün nəzərdə tutulur.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Qeyri-rəsmi məşğulluq olmamalıdır. Əminəm ki, sizin müəssisədə bu, yoxdur. Bütün işçilərlə əmək müqavilələri bağlanmalıdır. Yenə də bütün işçilərə üz tutub deyirəm ki, əgər hansısa sahibkar sizi qanunsuz işə cəlb etmək istəyirsə, buna razı olmayın. Çünki siz pensiya almayacaqsınız və icbari tibbi sığorta ilə təmin olunmayacaqsınız. İcbari tibbi sığorta isə bu ildən başlayaraq mərhələli şəkildə ölkəmizi tam əhatə edəcək. Ancaq qeyri-rəsmi işləyən hər bir vətəndaş bundan məhrum olacaq və gedib tibbi xidməti almaq üçün pul verməli olacaq. İcbari tibbi sığorta artıq pulvermə praktikasına da tamamilə son qoyacaq.

Prezident Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının fəaliyyəti ilə tanış olub. Dövlət başçısı Ağstafa rayonuna səfəri çərçivəsində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialının fəaliyyəti ilə tanış olub, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu da yenidənqurma və bərpadan sonra istifadəyə verilib.