• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2165
— 21.02.2020 12:01

İlham Əliyev İtaliya Prezidenti ilə görüşdü

KepezTV Player

Ölkələrimiz arasında ticarət dövriyyəsi çoxşaxəlidir və daim genişlənir. İtaliya şirkətləri Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də qeyri-neft sektorunda çox geniş təmsil olunurlar. Bunları prezident İlham Əliyev İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşü zamanı deyib. Dövlət başçısı İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə birgə işçi nahar edib, Prezidentin şərəfinə dövlət ziyafəti verilib.

Azərbaycan Prezidenti İlham Əliyev Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi nahar edib. Dövlət başçısı bildirib ki, İtaliya təkcə bir nömrəli ticarət tərəfdaşı deyil, həmçinin Avropada ən yaxın tərəfdaşlarımızdan biridir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Layihələrin praktiki olaraq həyata keçirilməsi ilə bağlı deyə bilərəm ki, yalnız Azərbaycanın enerji sektoru və Azərbaycanın sərhədlərindən kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri 10 milyard ABŞ dollarına yaxın olan müqavilələr imzalayıblar. Qeyri-enerji sektorunda bu rəqəm təqribən 700 milyon dollardır. Bəli, mən razıyam ki, bizim ticarət dövriyyəmizdə böyük qeyri-tarazlıq var. Lakin biz, həmçinin bilməliyik ki, bu, əsasən bizim İtaliyaya neft ixracımızla bağlıdır. Ona görə də biz ixracımızın şaxələndirilməsində maraqlıyıq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Romadakı “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər.

Dövlət başçısı İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb. Prezident Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar İtaliyanın mövqeyini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, Cənubi Qafqaz ölkələri arasında İtaliyanın ticarət dövriyyəsinin 92 faizi məhz Azərbaycanın payına düşür. TAP layihəsinin başa çatmasından sonra bu rəqəmin daha da artması gözlənilir. Bununla da Azərbaycan təbii qazı İtaliya bazarına daxil olacaq.

Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib. Ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.

Sercio Mattarella - İtaliya Respublikasının Prezidenti: Azərbaycan və Avropa arasında əlaqələrin möhkəmlənməsi fərqli mədəniyyətlər və dinlərin daha ahəngli birgəyaşayışı üçün əlverişli şəraitin yaranmasına imkan verə bilər.<br>Cənab Prezident, Azərbaycan öz enerji ehtiyatları ilə keçən əsirdə dünyada gedən əhəmiyyətli modernləşmə prosesinin baş qəhrəmanı oldu.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Uzun illər Azərbaycan İtaliya istehlakçılarını xam neftlə təchiz edir, İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. Azərbaycanın təşəbbüsü ilə reallaşan və Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP yekunlaşmaq üzrədir.

Sonra Kuirinale Sarayında 2020-ci il İtaliyada Azərbaycan Mədəniyyət İlinin açılışı münasibətilə konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini ifa edib.