• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1488
— 17.02.2020 20:18

Qəlblərdə yaşayan futbol ağsaqqalı

KepezTV Player

Gəncəbasar regionunda tanınmış idman mütəxəssislərindən biri olmuş Yusif Cəfərovun anadan olmasından 85 il ötür. Ötən il dünyasını dəyişən Yusif Cəfərov özündən sonra yaddaşlarda xoş izlər qoyub.

Samux rayonunda idmandan, futboldan danışanda ilk xatırlanan sima həmişə Yusif Cəfərov olub. Bu da təsadüfi deyil. O, uzun illər rayonda idmanın inkişafına öz tövhələrini verərək, kütləviliyin təmin olunması istiqamətində yorulmaz fəaliyyəti ilə diqqət çəkib. Yusif müəllimin yeniyetmə və gənclərin idmanla məşğul olmasında, perspektivli idmançıların yetişməsində müstəsna xidmətləri olub.

Yusif Cəfərovun yaşadığı Aşağı Ağasıbəylidə kənd meydançasının salınması birbaşa onun adı ilə bağlıdır. Cəfərov Samuxun ölkəmizin futbol xəritəsində təmsil olunmasında, rayonun “Şəfəq” və “Kür” komandalarının yaranmasında və fəaliyyət göstərməsində yaxından iştirak edib. Bu kollektivlər müxtəlif səviyyəli respublika yarışlarında o cümlədən, həvəskarlar liqasında, I Divizonda mübarizə aparıb, mükafata layiq yerlər tutublar.

Yusif müəllimin xətir-hörməti, iş görmək bacarığı yalnız Samuxla məhdudlaşmayıb. O, yüksək insanı keyfiyyətləri ilə  Gəncənin futbol ictimaiyyəti arasında da nüfuza malik olub, məşqçilər, futbolçular arasında sevilib.

Yusif Cəfərovun əziz xatirəsi daim qəlblərdə yaşayır. Ailə üzvləri, övladları daim onu böyük qürur hissi ilə xatırlayır, onun imzasını qoyduğu işlərlə fəxr edirlər. Doğum günündə Yusif müəllimin qəbri ziyarət olunub, məzarı üstünə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub.