• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1265
— 06.02.2020 20:17

"Fast-food"ların zərərləri

KepezTV Player

Fast-fud kimi tanınan ayaqüstü yeməklər hər zaman isti və ucuz qida olmağından başqa, həm də dadlı olur. Ayaqüstü yeməklərin tərkibinə dad, keyfiyyətinə zəmanət verən çoxlu sayda qida əlavəsi qatılır. Doymuş yağlardan hazırlanmış qidalar yüksəkkalorili olur, bir sıra xəstəliklərə yol aça bilir. Qəbul etmək nə qədər çətin olsa da, çəkini ifrat dərəcədə artıran birinci səbəb ayaqüstü yeməklərdir.

İsa Bayramlı tələbə:Müxtəlif təşkilatlarda könüllü fəaliyyətim olduğu üçün günün əksər hissəsini şəhərdə oluram.Yeməyə olan tələbatımızı fastfood-lar vasitəsilə həyata keçiririk.Bu da öz növbəsində mədə bağırsaq sistemimizə müəyyən problemlər yaradır.Xərc olaraq da çoxluq təşkil edir. Daha çox çalışırıq ki, başqa yerlərə gedəndə evdən yemək götürək, fastfoodlardan az istifadə edək.Ancaq bu bir çox hallarda kifayət etmir.

Ruslan Vəliyev tələbə: Fastfood-la biz niyə qidalanırıq? Tələbəyik deyə, çox vaxt evdə olmuruq.Dərsdə, hazırlıqda oluruq.Bu hallarda ac qalmamaq üçün fastfoodlar vasitəsilə qidalanırıq.Bu da sağlamlığımıza ziyandır.Bacardığımız qədər bu tendensiyanı özümüzdən uzaq saxlamalıyıq.Ev yeməklərinə, sulu yeməklərə daha çox üstünlük verməliyik.Fastfood-la çox qidalansaq, gələcəkdə fəsadlar törədəcək.

Vitamini olmayan bu cür yeməklərin tərkibini çox kalorili yağ və şəkər təşkil edir. Belə qidalar qaraciyəri yükləyən və ürək-damar sisteminə zərər verən bir çox heyvan mənşəli yağlarla zəngindir. Karbohidratlarla və yağlarla zəngin olan məhsullar toxluq hissi yaratmağa qadir deyil. Qazlı içkilər və kokteyllərin tərkibində isə çoxlu miqdarda şəkər var, bəziləri sidikqovucu xüsusiyyətə malikdir və orqanizmə ciddi zərər yetirir.

Telman Musayev valideyn:Son zamanlar insanlarda müxtəlif xəstəliklər artıb.Bu xəstəliklər də, mənşəyi məlum olmayan qidalardan əmələ gəlir.Ona görə də, mən həm gənclərimizə, tələbələrimizə həm də bu yeməklərdən istifadə edən yaşlı insanlara tövsiyə edirəm ki, bu yeməklərə üstünlük verməsinlər.Çalışsınlar ki, təmiz qidalarla qidalansınlar və ev yeməklərinə daha çox üstünlük versinlər.

Elmira Orucova valideyn:Evdə valideynləri nə bişirirsə, yaxud şirniyatları çantalarına qoysunlar, yesinlər.Dönər bir qədər təhlükəlidir.Öz qızıma da tövsiyə edirəm. Uşaqlara yedizdirməsin.Xəstəxanaya düşə bilərlər insanlar. Xərcləri ikiqat artıq çıxar.Qızım da sözümə baxır.Evdə də həmişə deyirəm ki, bacarın kənarda yemək yeməyin.Bacarırsan evdə ye, alınmırsa kənarda yemək yemə.

"Fast food" trans yağlarla zəngin olduğu üçün istər mədə-bağırsaq, qaraciyər, istər ürək-damar, mübadilə pozğunluqlarına qədər aparan bir yoldur. Çünki bu qidalar boş kaloridir. Bədənə faydalı olan heç bir mikroelement, heç bir vitamin toplamır. Sadəcə, boş kalori alırıq. Ona görə də mübadilə pozğunluğuna, bu da piylənməyə, şəkərə, öd yolunda xərçəngə gətirib çıxara bilir.

Tutu Zeynalova Sağlam qidalanma üzrə mütəxəssis: Burada əsas məsələ odur ki, insanlar sağlam qidaya öyrəşsinlər.Əgər fastfood məkanına girsələr belə, orada da doğru seçim etsinlər.Fastfoodları sağlam məhsullardan istfiadə etməklə evdə də hazırlamaq olar.Ayda bir neçə dəfədən artıq olmamaqla istifadəsi yolveriləndir.İstehlakçılar da istənilən halda diqqətli olmalıdırlar.İstehsalçıdan məhsul haqqında məlumat tələb etmək onların haqqıdır.

Əgər insan hələ də tez hazırlanan ayaqüstü yeməklərdən imtina edə bilmirsə, ən azından orqanizmə zərər yetirməyən məhsullarla qidalana bilər. Belə ki, müxtəlif ayaqüstü qida məkanlarında sağlam nahar etmək olar. Lif və vitaminlərlə zəngin olan meyvə-tərəvəzlə qidalanmaq tövsiyə edilir. Yüksəkkalorili və yağlı qidalardan imtina etməklə həm görkəmi, həm də sağlamlığı qorumaq olar.