• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1318
— 15.01.2020 18:37

Balıq bazarında canlanma müşahidə edilir

KepezTV Player

Həftədə ən az iki dəfə balıq yeyirsinizsə, demək sağlamlığınızı qoruyursunuz. Bu deyim fiziki və ruhi sağlamlığını fikirləşənlər üçün deyilir. Amma reallıq heç şübhəsiz ki, fərqlidir. Qarşıdakı sujetdə balıq bazarında vəziyyətdən danışacağıq. Könlü balıq istəyən ekrana yaxın əyləşsin.

Bayramlarla əlaqədar bazarda balığa artan tələbat hələ də mövcudluğunu davam etdirir. Canlanma balığın növünə və çəkisinə görə dəyişir. Qiymətlər də müvafiq olaraq fərqlidir.

Asif Mehrəliyev - satıcı: Xanı,karp, sazan, şəhmayi kimi balıqlarımız var.Balıqların qiyməti çəkisinə və növünə görə fərqlənir. Təmizləmə xidməti də göstəririk.Hər gün balıqlar Kür çayından tutulub gətirilir, bizdə satışını edirik.Qiymətlər də münasibdir.

Şahrux Məmmədov - satıcı: Hər qiymətə balıqlarımız var. Sudak, belamur, talstalok növündən olan balıqlar təklif edirik.Vətəndaşlar da gəlib alsınlar, nuş etsinlər. Balıq sağlamlıqdır.

Deyirlər ki, balığı adətən “r” hərfi olan aylarda yemək lazımdır. Havalar soyumağa başladığından balığa tələbat da artıb. Satışda olan balıqların əksəriyyəti çay və dəniz balıqlarıdır. Bəzi hallarda göl balıqları da satışa çıxarılır.

Rasim Əliyev - alıcı: Balıq uşaqlar üçün çox faydalıdır. Mən adətən xanı və sazan balığı alıram. Büdcə imkan verirsə, ətdən balıq yaxşıdır.

Vüsal Verdiyev - alıcı: Həftə ərzində ən azı iki dəfə gəlib balıq alırıq.Qiymətlər də yaxşıdır. Ən çox şəhmayi balığı alırıq. İri sazan olduqda, sazan balığı da alırıq.

İnsanların təzə balıq seçərkən diqqət etməli olduğu bir sıra məqamlar var. Təzə balığın dərisinin səthi təmiz, sərt və parlaq olur, az miqdarda şəffaf selik ilə örtülü olur. Eyni zamanda pulcuqları hamar və parlaq, dərisi isə ətinə möhkəm yapışmış olur, quyruğu sallanmır. Balığı dik saxlayaraq duruşuna da fikir vermək lazımdır. Təzə balığın qəlsəməsi tünd-qırmızıya, köhnə balığınkı isə boz rəngə çalır.

Əfqan Əliyev - balıqçı: Azərbaycanın su hövzələrində ovlanan balıqlar, dənizdə kütüm, kifaldır. Nərə balıqları az miqdardadır. Nəsli kəsilmək üzrədir. Daxili su hövzələrində 2020-ci il aprel ayının 1-dən sənaye balıqçılığı məhdudlaşdırılacaq.

Balıq yemək üçün büdcənizi məcbur etməyə ehtiyac yoxdur: Bəzi balıqlar bahalıdır amma ucuz balıqlar da var. Ət və toyuqda olduğu kimi, balığın yağlarını ayırmağa ehtiyac yoxdur. Beləliklə pulunuzu küçəyə atmamış olarsınız.

Satıcılar deyir ki, dəniz balıqları, təsərrüfatlarda yetişdirilən balıqlara nisbətən daha bahadır. Satışda olan balıqların əksəriyyəti çay və dəniz balıqlarıdır. Ancaq ətinin dadlı və sümüyünün az olduğuna görə təsərrüfatda yetişdirilən balıqlara (forel) tələb çox olur. Ən ucuz balıq 1 manat, ən bahalısı isə 13 manatadır.Bazarda satışa çıxarılan balıqların qiyməti mövsümü olduqda baha olsada, hazırda qiymətlər ucuzlaşıb. Satıcılar belə deyir.