• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1639
— 10.01.2020 17:21

Şəmkirli gənclər həqiqi hərbi xidmətə yola düşüb

KepezTV Player

Şəmkir rayonundan olan çağırışçılar müddətli həqiqi hərbi xidmətə təntənəli şəkildə yola salınıblar. Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin şəxsi heyəti, rayon icra hakimiyyəti, idarə və təşkilatlar, hüquq-mühafizə orqanlarının nümayəndələri, təhsil işçiləri, eləcə də ağsaqqallar, müharibə veteranları, valideynlər, gənclər iştirak ediblər.

Tədbir iştirakçıları və çağırışçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Çıxış edənlər gənclərə  hərbi xidmətə yola düşmələri münasibətilə təbriklərini çatdırıb, onlara şərəflə xidmət etmələrini, nizam-intizamlı olmalarını, vətənimizin keşiyində ayıq-sayıq dayanmalarını, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələrini tövsiyə ediblər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi, polkovnik-leytenant  Anar Hüseynov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ilbəil güclənən Azərbaycan Ordusunun qüdrətindən söz açıb. Silahlı Qüvvələrimizin tezliklə işğal altında olan torpaqlarmızı düşmən tapdağından azad edəcəyinə inam ifadə olunub.

Sahib Mustafayev - valideyn: “Bu gün nəvəmi hərbi xidmətə yola salıram. Özüm də hərbçi olmuşam. Oğlum da hərbi xidmətdə olub. Mən bu gün fəxr edirəm ki, Ali Baş Komandanın ətrafında gənclərimiz, özümüz sıx birləşib Vətənimizi müdafiə edib xalqımızı qoruyuruq”.  

Çağırışçlar öz növbələrində Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlarını, torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının qisasını alacaqlarını vəd ediblər.  

Ağa Mustafayev - çağırışçı: “Mən özüm də hərbçi ailəsində doğulmuşam. Mənim babam da hərbçi olub. Mən də fəxr edirəm ki, öz babamın yolu ilə gedirəm və gedəcəm. Fəxr edirəm ki, mən Azərbaycanın torpaqlarını qoruyacam”. 

Təntənəli mərasim geniş konsert proqramı ilə davam edib. Sonda gənclər  Azərbaycan bayrağının altından keçərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.

Natiq Hüseyn