• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1524
— 31.12.2019 20:33

Bayramı iş başında qeyd edənlər

KepezTV Player

Ölkədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 31-dən yanvarın 7-dək istirahət günləridir. Hamı bayram günlərini yaddaqalan, özünəməxsus tərzdə qeyd etməyə çalışır. Kimi Yeni ili ailəsi, kimi isə dostları ilə birlikdə keçirməyi planlaşdırır. Ancaq bir qrup peşə sahıbləri də var ki, bayram günlərində nəinki istirahət edir, adi günlərə nisbətən ikiqat, üçqat artıq işləyir. Xüsusən də əhalini qaz, su, elektrik, rabitə, nəqliyyatla təmin edənlər, polis və tibb işçiləri, yanğınsöndürənlər bayram günlərini iş başında keçirəcəklər. Əhalinin asayişi keşiyində həmişə ayıq-sayıq dayanan polis işçiləri də bayram günlərində gücləndirilmiş iş rejimində işləyirlər. İctimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sıxlığı artırılıb. Əhalinin daha sıx toplaşdığı məkanlarda təhlükəsizlik tədbirləri gücləndirilib.

Eşqin Qasımov DİN Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru:31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə 2019-cu il dekabrın 31-dən 2020-ci il yanvarın 6-dək Daxili İşlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq. Kütləvi tədbirlərdə, bayram şənliklərində insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Azərbaycan xalqını Həmrəylik Günü və qarşıdan gələn Yeni İl münasibətilə təbrik edirəm. İnanıram ki, 2020-ci il həm dövlətimiz, həm də xalqımız üçün uğurlu olacaq.

Bayram olmasına baxmayaraq, yanğınsöndürənlər də bayram günlərində şəhər sakinlərinin rahat və təhlükəsiz şəkildə istirahət edə bilmələri üçün iş başındadırlar. Ənənəvi olaraq, bayram günlərində istirahət etməyən, fasiləsiz iş başında olan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarının tibb işçiləri də gücləndirilmiş iş rejimində işləyirlər. Həmin günlər poliklinikalar, xəstəxanalar işləmədiyinə görə, təcili tibbi yardıma müraciət edənlərin sayı artır. Bunun üçün Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyaları lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunub. “Azərişıq” ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi  bayram günləri ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində işləyir, istirahət günlərində elektrik enerjisinin verilişində problemlər yaşanmayacaq. İdarədə qəza hallarının baş verməməsi üçün bütün hazırlıq işləri görülüb. Bayram günlərində su təminatında heç bir problemin yaranmaması üçün Gəncə Su-Kanal Törəmə Səhmdar Cəmiyyəti də gücləndirilən iş rejimində fəaliyyət göstərir. Əhalini su ilə təmin etmək, su sızmalarının qarşısını almaq məqsədilə Cəmiyyətdə briqadalar yaradılıb. İş günləri olmayan müddətdə müraciətlərə operativ cavab vermək üçün növbətçilik cədvəli yaradılıb. Bayram günləri ərzində şəhər  əhalisinin tam və fasiləsiz təbii qazla təminatı üçün Gəncə Regional Qaz İstismar İdarəsi gücləndirilmiş iş rejimində işləyir. İdarədə məsul şəxslərdən ibarət növbətçilik cədvəli yaradılıb. Bayram ərəfəsində idarənin əməkdaşları bir daha əhaliyə müraciət edərək, təhlükəsizlik qaydalarına riayət etmələrini tövsiyə ediblər. Gəncə Telekommunikasiya İdarəsində bayram günləri ilə əlaqədar ənənəvi qərargahlar yaradılıb, texniki işçilərin növbətçilik cədvəli, bütün xidmət sahələrində tədbirlər planı hazırlanıb. Bayram günlərində şəhər əhalisi telefon, internet xidmətlərindən yüksək səviyyədə istifadə edəcəklər. Bayram günləri internetdən çox istifadə edilməsi bəzən yüklənməyə və sürətin azalmasına səbəb olur. Hazırlanan tədbirlər planına əsasən internet istifadəçiləri yüklənmə müşahidə etməyəcəklər.

Mətanət Hüseynova Gəncə Regional Poçt filialının müştəri xidmətləri şöbəsinin əməliyyatçısı:Mən artıq 36 ildir ki, poçt sahəsində çalışıram.Bu illər ərzində həmişə olduğu kimi, bu gün də əhalimizə, xalqımıza xidmət edirik.İşimizdən məmnunuq.Həmişə müştərilərimizi xoş şəkildə yola salmağa çalışırıq.

Bayram günlərində Gəncə şəhərində əhaliyə xidmət sahələrində çalışanlar da iş başında olacaqlar. Şəhər avtovağzalları da qrafikə uyğun olaraq, işlərini davam etdirəcəklər. Bayram günlərində sərnişinlər Gəncə avtovağzallarından ölkənin müxtəlif istiqamətlərinə işləyən avtobus və mikroavtobuslara kassalardan problemsiz bilet əldə edə biləcəklər. İş başında olan xidmət sahələri sırasında TV və radio işçiləri də var. Ekran başında və fm dalğasında zövqə uyğun verliş və musiqilərin izləyicisi olmaq üçün Kəpəzə yaxın olun. 

Xəyal Hüseynov Kəpəz FM radiosunun səs rejissoru:Qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə bütün Azərbaycan xalqını və həmkarlarımızı təbrik edirəm.Biz də Yeni İli iş başında qarşılayacağıq.Bu bizi heç də, təəssüfləndirmir.İşimizi sevdiyimiz və insanlara yeni il ərəfəsində dinamik əhval ruhiyyə bəxş etmək üçün, çalışacağıq.Bununla qürur duyuruq.2020-ci ildə hər kəsə can sağlığı,bol ruzi-bərəkət,xoşbəxtlik,firavan həyat arzu edirəm.

Bayram günlərini xidməti iş sahələrində keçirən bütün fədakar peşə sahiblərini 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və  Yeni il münasibəti ilə təbrik edir, onlara möhkəm can sağlığı, şərəfli işlərində uğurlar arzulayırıq!