• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2376
— 31.12.2019 12:21

Gəncə idmanı 2019-cu ildə nələrlə yadda qaldı?

KepezTV Player

2019-cu ildə Nizami yurdunun əsas idman uğuru Avropanın İdman şəhəri tituluna layiq görülməsi olub. Buna görə ilboyu kütləvi idman tədbirləri, beynəlxalq səviyyəli turnirlər, respublika əhəmiyyətli yarışlar, o cümlədən 5 mart Bədən Tərbiyəsi və İdman günü ölkənin ikinci böyük şəhərində keçirilib.

2019-cu ildə Gəncə idmançıları 10 beynəlxalq turnirdə 15 qızıl, 12 gümüş, 16 bürünc, 8 Avropa birinciliyində 3 qızıl, 4 gümüş, 3 bürünc, 5 dünya birinciliyində 16 qızıl, 5 gümüş, 6 bürünc, Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında 1 qızıl, Avropa Gənclər Yay Olimpiya Festivalında 2 qızıl və 1 gümüş medal qazanıblar.

Ölkəmizi beynəlxalq səviyyəli yarışlarda təmsil edib bayrağımızı yüksəldən, himnimizi səsləndirənlər sırasında sərbəst güləşçi Turan Bayramovu xüsusi qeyd etmək lazımdı. Bayramov gənclər arasında Avropa çempionu, 23 yaşadək güləşçilərin mübarizəsində dünya çempionu olub. Perspektivinə böyük ümidlər bəslənilən pəhləvanın 2024-cü il Paris Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edəcəyi gözləniləndi.

Parlaq gələcək vəd daha bir Turan Bayramov da var. Söhbət cüdoçu Turan Bayramovdan gedir. 2019-cu il onun üçün də düşərli olub. İlin yeniyetmə cüdoçusu kimi fərqlənən Bayramov  Avropa Kubokunun, qitə birinciliyinin qalibi olmaqla yanaşı,  Bakıda təşkil edilən Avropa Gənclər Yay Olimpiya Festivalında da qızıl medala layiq görülüb. Yeri gəlmişkən, bu yarışda Gəncədən sərbəst güləşçi Murad Haqverdiyev qızıl, qadın güləşçisi Gültəkin Şirinova isə gümüş mükafata sahib olub.

Gəncə idmanının uğuru bununla yekunlaşmır. İlboyu qazandığı nəticələrlə diqqəti çəkən şahmatçı Ülviyyə Fətəliyeva 2019-cu ilə möhür vurub. FİDE-nin reytinqdə ilk 100-lükdə, daha dəqiq desək 76-cı pillədə yer alan iti zəka sahibi Dünya Kubokuna vəsiqə əldə edib. Ülviyyə gələn il ev sahibliyi Belarusa həvalə olunan yarışa qatılmaqla Dünya Kubokunda iştirak edəcək ilk Gəncə şahmatçısı olacaq. Fətəliyeva bu il komandalar arasında Avropa çempionatında bürünc medal qazanan və tarixi nəticəyə imza atan yığmanın sıralarında da yer alıb.

Gəncə fərdi idman növləri ilə yanaşı, tamaşaçı kütləsi daha çox toplayan kollektiv oyunlardan futbol və basketbolla Respublika yarışlarında peşəkar komanda il təmsil olunur. Bu il yaradılmasının 60 illiyini səssiz qeyd edən “Kəpəz”in gələn mövsüm Premyer Liqaya dönməsi müzakirə mövzuzudur. Klubla bağlı daha bir xəbər komandanın məskunlaşdığı Gəncə şəhər stadionunda süni örtüklü meydançanın istifadəyə verilməsidir.

2019-cu il həm də Gəncənin Azərbaycan basketbolunun xəritəsinə qayıtması ilə əlamətdar oldu. Vaxtilə kişi komandalarının Super Liqasında mükafatçılar sırasında yer alan şəhərin eyniadlı komandası yenə iddialılar sırasındadır.