• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1722
— 30.12.2019 12:11

Gəncənin tarixi adının bərpasından 30 il keçir

KepezTV Player

30 dekabr 1989-cu il! Bu gün Gəncənin tarixinə qızıl hərflərlə yazılıb. 30 il öncənin məhz bu günü şəhərin tarixi adı özünə qaytarılıb. Şübhəsiz ki, bu, həm xalqın vətənpərvər ziyalılarının, həm də sadə vətəndaşların min bir əziyyəti hesabına ərsəyə gəlib.

Abbasabad, Yelizavetpol, Kirovabad. 4 min illik tarixi olan qədim Gəncənin müxtəlif illərdə adı dəyişdirilərək bu cür səsləndirilib. Nəhayət 1989-cu ilin 30 dekabırında Gəncənin adı yenidən özünə qaytarılıb.

O vaxt Kirovabad adlanan Gəncənin tarixi adının bərpa edilməsi məsələsini gəncəli Əməkdar jurnalist Nüşabə Məmmədli qaldırıb. Belə ki, 1987-ci il fevralın 13-də Bakıda jurnalistlərin 7-ci qurultayında Rəyasət Heyətində yer alan Məmmədli Kirovabad adının dəyişdirilərək şəhərin yenidən Gəncə adlandırılması ilə bağlı geniş çıxış edir. Onun bu çıxışı ovaxtkı rəhbərlik tərəfindən ciddi narazılıqla qarşılansa da, xalq bu təklifi dəstəkləyir. Nəhayət 1989-cu ilin 30 dekabrında Ali Sovetin qərarı ilə Gəncə adı bərpa olunur.

Nüşabə Məmmədli - Əməkdar jurnalist: Minnətdaram gəncəlilərə, bütün soydaşlarımıza. Hansı ki imza vərəqələri toplayıb kompaniyaya başladı. Hamı bu ad uğrunda mücadilə etdi. Qürur duyuram ki, nəhayət şəhərimin adı özünə qayıdıb. Bütün bu işdə əziyyəti olanlara minnətdaram. Mənə dəstək verən qələm dostlarıma bütün redaksiyaya minnətdarlığımı bildirirəm.

Gəncənin adının yenidən özünə qaytarılması ilə bağlı sərəncam dərc olunduqdan sonra dərhal o vaxtı “Kirovabad kommunisti” adlı qazetin də adı dəyişdirilir. Mətbu orqan yeni adla 1 yanvar 1990-cı ildə oxucuların görüşünə gəlir.

Rəfiqə Sadıqova - "Gəncənin səsi" qəzetinin baş redaktoru: Kirovabad adı Gəncə ilə əvəz olunan axşamı mərhum redaktorumuz Sabir Hacıyev gecəynən zəng edib rəssama “Gəncənin səsi” adında bir loqa istədi. 31 günü o loqo nəzərdən keçirildi və yanvarın 1-dən Gəncənin səsi adı ilə çıxd. Bu bizim ən böyük fərəhimiz və sevincimiz idi. Çünki Kirovun kim olduğu məlum idi. Kirovun bu ölkə üçün nələr elədiyi məlum idi. Kirovun Gəncə ilə heç bir bağlılığı yox idi. Bu böyük bir yamaq idi.

Bu gün Gəncə adı dünyanın ən nüfüzlu, böyük şəhərləri ilə bir sırada çəkilir. Yerli və beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Nizami yurdu günbəgün daha da inkişaf edir.