• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2020
— 25.12.2019 19:50

Gəncə şahmatçısı dünya çempionatına qatılacaq

KepezTV Player

Sabah Moskvada şahmat üzrə dünya çempionatı keçiriləcək. Şahmatın rapid və blits növləri üzrə təşkil olunacaq yarışda Gəncə şahmatçısı Ülviyyə Fətəliyeva da qüvvəsini sınayacaq.

Dekabrın 26-30-u tarixləri aralığında baş tutacaq mundialda ölkəmiz Fətəliyeva ilə yanaşı, daha 9 zəka sahibi ilə təmsil olunacaq. Rusiya paytaxtında hər iki növdə Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Qədir Hüseynov, Rauf Məmmədov, Namiq Quliyev, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Günay Məmmədzadə və Zeynəb Məmmədyarova mübarizə aparacaq. Gəncə şahmat məktəbinin yetirməsi olan Fətəliyeva bir neçə dəfə anoloji turnirin iştirakçısı olub. Hətta iki il öncə Qətərdə keçirilən mundialın rapid növündə ilk 10-luğa da düşüb. İlin son yarışında Ülviyyə uğurlu çıxışla beynəlxalq əmsalını artıra bilər. Yeri gəlmişkən, iti zəka sahibi Beynəlxalq Şahmat Federasiyası – FİDE-nin son reytinqində 76-cı yerdə qərarlaşıb. 23 yaşlı şahmatçı 2387 xala malikdir. Ümumiyyətlə, 2019-cu ili Fətəliyevanın aktivinə yazmaq olar. Belə ki, o, apreldə Türkiyədə keçirilən Avropa çempionatının nəticələrinə əsasən Dünya Kubokuna vəsiqə qazanıb. Ülviyyə gələn il ev sahibliyi Belarusa həvalə olunan yarışa qatılmaqla Dünya Kubokunda iştirak edəcək ilk Gəncə şahmatçısı olacaq. Fətəliyeva bu il komandalar arasında Avropa çempionatında bürünc medal qazanan və tarixi nəticəyə imza atan yığmanın sıralarında da yer alıb.