• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1053
— 20.12.2019 19:42

Ölkədə ilk: Arılar üçün nektar bağı salınıb

KepezTV Player

Respublikada ilk dəfə olaraq Samuxda arılar üçün nektar bağı salınıb. Pilot layihə olaraq əkilən ağaclar rayonda arıçılığın inkişafına, bal istehsalının artırılmasına hesablanıb.

Hesablamalara görə bir arı çiçək yemi üçün 4 km-ə yaxın məsafə qət edir. Məsafə uzaq olduqdaca arı yorulur və bal tədarükünü az edir. Bu isə bal istehsalına mənfi təsir göstərir. Məhz bunun qarşısını almaq və yem bazasını artırmaq arıçıları düşündürən məsələlər sırasındadır.

Bayram Ələkbərov - arıçı: Çətinliyimiz odur ki, meyvə bağları azdır. Meyvə ağcları, akasiya ağacları yol kənarlarında salınsa yaxşı olar. Bəzi ağaclar əkildiyindən bal verən ağaclar əkilsə daha yaxşı olar. Arı yeşiyindən ildə 7-8 kq bal götürürüksə elə ağaclar olsa biz balı 15-20 kq qaldıra bilərik. Məhsuldarlığı artırarıq.

Artıq Samuxun Çobanabdallı kəndində arıçıların bu barahatlığına son qoyulub. Pilot layihə olaraq 65 ha ərazidə yeni ağaclar əkilib. Bal istehsalı üçün vacib olan 60 min yeni ağacdan 30 minə yaxını əkilib. Burada Qafqazda yeni olan ağac növlərinin əkini də aparılıb.

Fərid Qarayev - layihənin koordinatoru: Biz onları gətirdik, sınaq əkinini elədik. Bizim mühidə uyğunlaşdı. Demək olar ki, 10-15 minini Qafqazda olmayan ağac növlərindən əkimişik. Bunların da məhsuldarlığı digər nektar verən ağaclardan daha yüksəkdir. Qeyd etdiyim ağac növləri evodiyyadı, baqriyanikdi. Yerli ağac növləri də var. Evodiyyanın vətəni Yaponiyadı, Avropada geniş yayılıb. Onun məhsuldarlığı akasiyadan 2-3 dəfə çoxdur.

Samuxda 2018-ci ildə 116 arıçı 1758 kq bal tədarük edibsə, bu il göstərici 10 faiz artıb. Yeni salınan nektar bağının rəqəmləri daha da dəyişəcəyinə əminlik var.

Qalib Əhmədzadə - Samux DAİM-in sektor müdiri: Subsidiya verildiyinə görə arıçılar arılara daha çox qayğı göstərməyə önəm vermişlər. Bunun nəticəsidir ki, 2019-cu ildə bizim arıçılarımız 126 nəfərə çatıb. 1995 arı ailəsi qeydiyyat düşüb. 19 min 950 manat subsidiya dövlət tərəfindən arıçılar ödənilib.

Mütəxəsislərin hesablamalarına görə, bir hektar ərazi 4-5 arı ailəsi üçün yem bazası ola bilər. Bu il Samuxda arıçılar hər arı ailəsindən 7-8 kq bal yığaraq ümumilikdə 8 min 58 kq məhsul əldə ediblər. Balın 1 kq-nı isə 25-30 manata satıblar.