• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 931
— 18.12.2019 19:22

Daşınmaz əmlakın sığortalalanması məcburiləşir

KepezTV Player

Daşqın, yanğın, sel, zəlzələ və digər hadisələr. Azərbaycanda da rast gəlinən bu hallardan sığortalanmaq üçün gələn ildən əmlakın icbari sığortası tətbiq edilir. Ekspertlər bunu vacib hesab edir. Çünki həyatda sahib olduğunuz maddi sərvətlərin sırasında ən önəmli yerlərdən birini elə daşınmaz əmlak tutur.

«İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununda Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbari hesab edilir. 2020-ci ilin Yanvarından etibarən tətbiq ediləcək icbari formada sığortalanmadan xəbərsiz olanlar var. Şəhərdə apardığımız sorğu belə deməyə əsas yaradır.

Fariz Əsgərov - Şəhər sakini: Çox vacib məsələdir.Etdirmək lazımdır.Canımıza,özümüzə,cibimizə xeyirdir. Planım odur ki, evlərimizi sığorta etdirəm.Övladlarımız üçün də çox faydalıdır.

Ruslan Vəliyev - Şəhər sakini: Bir çox hallarda qəzalar olur. Sığortası olmayan evlərdə ciddi problemlər yaranır. Bu sığorta növünün üstünlüyü ondadır ki, dəyən zərər qaşılanır. Mütləq etdirəcəyik.

Daşınmaz əmlak sığortası elektron formada həyata keçiriləcək. Dövlət reyestrindən çıxarışı olmayan mənzillər də icbari sığortaya cəlb ediləcək.

Tural Bayramov - Sığorta mütəxəssisi: Daşınmaz əmlakın icbari sığortasının vacibliyi təbii fəlakətlər,yanğın, partlayış nəticəsində dəyən zərəri ödəmək məqsədilə tətbiq olunur.Bu sığorta növü hər kəs üçün vacibdir. Bu sığorta növü daşınmaz əmlakın konstruktiv hissələrinə aiddir, döşəməyə,pəncərəyə dəyən zərər buna daxildir, lakin evin içərisində olan mebel,avadanlıqlar bu sığorta paketinə daxil deyil.

Yalnız qanunsuz tikintilər, sökülməsi barədə qərar qəbul edilən, eləcə də tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan mənzillər sığorta edilməyəcək. Hər əmlakın unikal kodu əsasında sığorta şəhadətnaməsi hazırlanacaq. Qiymətlərə gəldikdə isə, Bakıda və Abşeronda 50 manat müqabilində 25.000 manatlıq sığorta paketi təklif olunur. Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat müqabilində 20.000 manatlıq, digər yaşayış məntəqələrində isə, 30 manat müqabilində 15.000 manatlıq paket əldə etmək mümkün olacaq. Daşınmaz əmlakını sığorta etdirməkdən yayınan fiziki şəxslər 30, vəzifəlilər 80, hüquqi şəxslər isə 200 manat məbləğində inzibati məsuliyyətə cəlb oluna bilərlər.

Heç kəs illərin zəhməti olaraq əldə etdiyi evinin, bağının, maşınının, biznesinin hər hansı bir səbəbdən məhv olmasını istəməz. Baş verə biləcək hadisələri təxmin etmək çox çətindir, lakin onun fəsadlarını aradan qaldırmaq ondan da çətindir. Odur ki, sığortadan yayınmamaq ən optimal yoldur, risklərin sığortalanması üçün.