• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2310
— 28.10.2019 19:39

Gəncə Dövlət Universitetinin saxta diplomlar verən əməkdaşları həbs olunublar

KepezTV Player

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatları ilə əlaqədar, müvafiq məhkəmə qərarları əsasında Gəncə və İsmayıllı şəhərlərində keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzindən kənar, ali və orta-ixtisas müəssisələrini qəbul olmaq hüququ verən, habelə bu növ təhsil müəssisələrində təhsilin tamamlanmasını təsdiq edən rəsmi sənədlərin saxtalaşdırması, qanunsuz hazırlaması və satışı ilə məşğul olan bir qrup Azərbaycan vətəndaşı saxlanılıb.

Əməliyyat-istintaq tədbirləri ilə Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə və çağırışa qədərki mülki müdafiə kafedrasının müdiri vəzifəsində işləmiş Ələddin Məmmədov və həmin kafedrada laborant vəzifəsində işləyən Elmir Qasımovun Universitetdə xidməti otaqlarında aparılan axtarış zamanı 37 nəfər ayrı-ayrı şəxslərin adlarına müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları və sair sənədləri aşkar olunaraq götürülüb. Bundan başqa, “İsmayıllı Olimpiya İdman Kompleksi” MMC-nin sabiq direktoru Tofiq Hümbətovun xidməti otağında, şəxsi avtomobilində axtarış zamanı 62 ayrı-ayrı şəxsin adlarına müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları, vətəndaşların şəxsiyyət vəsiqələri, onların surətləri, bankomat kartları və sair sənədlər aşkar olunaraq götürülüb. Eyni zamanda əməliyyat-istintaq qrupu tərəfindən sözügedən cinayətkar qrupun üzvü olan Azər İmamquliyevin Gəncə şəhərində yaşadığı ünvanda aparılan axtarış zamanı Təhsil Nazirliyi, eləcə də müxtəlif təhsil müəssisələrinin saxta möhürləri, həmçinin digər maddi sübutlar aşkar edilərək götürülüb. Ələddin Məmmədov, Azər İmamquliyev, Elmir Qasımov və Tofiq Hümbətov təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.