• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1051
— 13.12.2019 19:42

Səkilərin zəbt olunmasının yaratdığı çətinlik

KepezTV Player

Səkilərdə avtomobillərin park edilməsi, ictimai iaişə obyektlərinin səkiləri zəbt etməsi, eləcə də ev sahibləri tərəfindən səkinin çəpərlənməsi. Piyadaların təhlükəsiz hərəkəti üçün çətinlik yaradan bu halla Gəncədə də rastlaşmaq mümkündür. Sakinləri narahat edən belə hallarla bağlı daha ətraflı Valeh Anaroğlunun materialında.

Müşahidələr onu göstərir ki, bəzi hallarda piyadaların təhlükəsiz hərəkətinə süni maneələr yaradılır. Səkilər qanunsuz zəbt edildiyindən piyadalar yolun hərəkət hissəsinə çıxmağa məcbur olurlar ki, nəticədə yol nəqliyyat hadisələrinin baş vermə riski artır. Bu hal vətəndaşların haqlı narazılığına səbəb olur.

Saleh Məmmədov - Şəhər sakini: Səkidə maşın saxlamaq piyadaların yolunu çox çətinləşdirir.Yolun həm sağ, həm sol hissəsində maşın saxlayırlar. Xahiş edirəm ki, heç kim yol kənarında maşın saxlamasın.Çünki azyaşlılar var, imkan yaradaq ki onlar səkilərdən rahat istifadə edə bilsinlər.

Nərmin Aslanova - Şəhər sakini: Sürücülərdən bunu istəyirik ki, xüsusilə uşaqları nəzərdə saxlasınlar. Avtomobillərini düzgün yerlərdə,icazə verilən yerlərdə saxlasınlar. Çünki onların da övladları var.Bəzən buna görə problemlər yaşanır.Öz yaxın və qohumlarını nəzərə alaraq addım atmağı onlardan xahiş edirik.  

Bəzi küçələrində piyada səkiləri ya iaşə, xidmət və ticarət obyektləri, ya avtomobil sürücüləri, ya da elə sakinlərin özləri tərəfindən zəbt edilib. Yollarda təhlükəsizliyin təmin edilməsi üçün istər vətəndaşlar, istərsə də sürücülər qanunların tələblərinə riayət etməli və qaydaları pozmamalıdırlar.

Arzu Vəliyev - Sürücü: Piyadaları da nəzərə almaq lazımdır. Mən şəxsən səkidə maşın saxlamağı sevmirəm, saxlamıram. Düşünürəm ki, səki piyadalar üçündür.Buna görə də qaydaları pozmuram.

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsində deyilir: Piyada səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir.

Camal Əliyev - Hüquqşünas: Bu elə bir məsələdir ki, insanların özündən də irəli gəlir.Bununla bağlı inzibati xətalar məcəlləsinin 327.1-ci maddəsi ilə cərimə də nəzərdə tutulmuşdur.Səki zəbt olunubsa, piyada məcbur qalıb yol hissəsinə çıxır. Bu da onların həyatı üçün təhlükə törədir,xoşagəlməz hadisələr baş verir.Bundan başqa,səkiləri hasarlayıb, özünküləşdirirlər.Gül,ağac əkirlər.Qeyd edim ki, səkilər ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidir.Bu da şəhərsalma normalarının da pozulmasına gətirib çıxarır.

Qanunvericilik deyir ki, yolların səki hissəsində avtomobillərin saxlanması piyadaların gediş-gəlişinə mane olmamaq şərtilə mümkündür. Ancaq yolda dayanma-durma nişanları yoxdursa və avtomobillər piyadaların gediş-gəlişinə maneçilik törədirsə səkidə avtomobil saxlamaq qadağandır.Həmin yerdə avtomobil saxlayanları inzibati qaydada cəza gözləyir.

Əgər səki zəbt olunarsa və piyadaların hərəkətinə maneə yaradılarsa, bununla bağlı İnzbati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub. Bu əmələ görə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq fiziki şəxslər 80-100, vəzifəli şəxslər 400-500, hüquqi şəxslər isə 3-4 min manat məbləğində cərimə edilə bilər.