• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1661
— 13.12.2019 19:57

1700 fermerin elektron qeydiyyatı aparılıb

KepezTV Player

Artıq subsidiyaların verilməsində kağız sənəd dövriyyəsinə son qoyulub. Fermerlər yeni Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməklə gələn ildən subsidiyaların yeni formada alacaqlar. Artıq Göygöl rayonu üzrə 1700-dən artıq istehsalçı öz əkinlərini sistemdə qeydiyyata salıb. Onlardan 1550-si payızlıq əkinləri təşkil edir.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi kənd təsərrüfatı istehsalçılarına göstərilən dövlət dəstəyini özündə əks etdirir. Proses Göygöldə fermerlərin payızlıq əkinlərini bəyan etmələri formasında davam edir. İstehsalçıların bu sistemdə qeydiyyatdan keçməsində çətinlik yaşamamaları üçün Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində müvafiq pəncərələr yaradılıb. İstehsalçılar növbəlik əsasında yaradılan 3 pəncərədən birinə müraciət edərək payızlıq əkinlərini bəyan edirlər. Fermerlər şəxsiyyət vəsiqəsi, çıxarış və dövlət aktını gətirməklə qeydiyyatdan keçə bilərlər. 

Ayişə Novruzova - Göygöl DAİM-in baş məsləhətçisi: Pəncərəyə müraciıt edikdən sonra istehsalçılar payızlıq əkinlərini bəyan edirlər. Beləki onlar əkdikləri torpağın sahəsini, bitkinin sortunu və nə qədər məhsul götürürlərsə onu bizə bildirirlər. Bizdə elektron kənt təsərrüfatı infarmasiya sisteminin onlayn saytında həmin istehsalçını qeydiyyatdan keçirərək həmin istehsalçının payızlıq əkinini bəyan edirik.

Famil Hacıyev - fermer: Qızılqaya qəsəbəsində yaşayıram. 86 sot torpaq sahəm var. Veriləndən bəri yonca əkirəm. İldə 500-600 kip yonca götürürəm. Dedilər ki, gəlin qeydiyyatdan keçin gələn ildən subsidiya elektron qaydada veriləcək və alacaqsız.

Şəffalığın təmin olunmasını özündə ehtiva edən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat başlamazdan öncə fermerlər Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən maarifləndirilib.

Adil Kərimzadə - Göygöl DAİM-in bitkiçilik sektorunun müdiri: Aqrar könüllülərdə bu işə cəlb olunub. Onlar həm bu işin gedişini öyrənirlər, həm də bu işlərin aparılmasında köməkilik göstərirlər. Bundan əlavə Göygöl rayonun inzibati ərazilər üzrə kəndlərdə istehsalçılarla görüşlər keçirilib. Maarifləndirmə işləri aparılıb. Məhz onun nəticəsidir ki, istehsalçılar gələrək qeydiyyatdan keçirlər.

Fermerlər payızlıq əkinləri bəyan etmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə eləcə də bölgələrə ezam olunan səyyar qruplara həmçinin “ASAN xidmət” mərkəzlərinə müraciət edə və informasiya-məsləhət xidməti ala bilərlər. Hazırda ölkə üzrə təxminən 410 mindən artıq fermer Sistemdə qeydiyyatdan keçib. Fermerlərdən 220 min nəfəri payızlıq əkinləri bəyan ediblər. Ölkə başçısının fərmanına əsasən 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək.

 

Elnur Vahidoğlu