• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2346
— 17.10.2019 20:20

Tələbələrin yataqxana problemi həll olunur

KepezTV Player

Gəncədə daha bir universitetin tələbələri üçün "tədris müddətində harada qalacam?" sualına əməli cavab verilir. İllərdir kirələrdə və ya qohum-tanışının evində qalmalı olanlar artıq müasir tələblərə cavab verəcək şəhərciyin sakininə çevriləcəklər. Söhbət Gəncə Dövlət Universitetinin təmir edilən yataqxana binalarından gedir.

Günel Novruzova tələbə: Bərdə rayonun Çəmənli kəndində yaşayıram. Gəncə Dövlət Universtetinin üçüncü kurs tələbəsiyəm. Mən hazırda kirədə yaşayıram. Kirədə yaşamaq bizə maddi cəhətdən çətinlik törədir. Bizim müasir tələbələrə cavab verən yataqxanamız olmadığı üçün məcburən kirədə qalırıq.

Nigar Namazova tələbə: Tovuz rayonun Cırdaxan kəndində yaşayıram. Gəncədə mənim üçün yaşamaq problem yaradır. Çünki yataqxanamız müasir tələblərə cavab vermir. Biz tələbələr burada kirədə yaşayırıq. Bu da bizdə maddi sıxıntılar yaradır. Müasir tələbələrə cavab verən yataqxananın olması tələbələr üçün böyük bir işdir.

Məcburiyyətin yaratdığı zərurət gələn ildən reallığa çevriləcək. Həm maddi baxımdan, həm vaxt itkisi nöqteyi-nəzərdən yaranan çətinlik bir vaxtlar tələbələrin səsi gələn şəhərciyin yenidən təmir edilməsi hesabına aradan qaldırılır. Qaçqın və məcburi köçkülərin köçürülməsindən sonra əsaslı təmir edilən yataqxana binaları tələbələrin həyat şəraitinin yaxşılaşmasına imkan verəcək.

Gülsüm Fətəliyeva GDU-nun prorektoru:Gəncə Dövlət Universtetində təhsil alan tələbələrin həqiqətən yataqxanaya böyük ehtiyacı var idi. Sağ olsun dövlət başçımız bunu nəzərə alaraq 8 milyon pul ayırdı. Bu gün fərəhlə deyə bilərəm ki, 3 yataqxanamız çox yüksək səviyyədə təmir olunur. Xaricdən, rayondan gələn burda təhsil alan tələbələr üçün ən böyük hədiyyədir. 700 tələbənin orada qalması üçün şərait yaradılacaqdı.

10 hektar əraziyə malik şəhərcikdəki binaların dam örtüyü yenilənib, fasad və daxili suvaq işləri başa çatıb. Mərkəzi istilik sistemi çəkilib, qapı və pəncərələr dəyişdirilib. 5 mərtəbəli olan binaların hər mərtəbəsində 3 nəfərlik 23 otaq, mətbəx, sanitar qovşaq, oxu zalı, istirahət otaqları yaradılır. Binaların birinci mərtəbələri isə inzibati otaqlar, kitabxana, tibb məntəqəsi, görüş otaqları üçün nəzərdə tutulub.

Elburus Alıyev tikinti mühəndisi:Binanın bütün mərtəbələrində güclənmə kəməri üçün dəmir şvellerdən qurşaqlar vurulub. Daxildə bütün sanqovşaqlar dəyişilibdir. Hamam sistemi yenilənib. Çamaşırxana otaqları qoyulub. Tələbələrin yaşamaq şəraiti tam dəyişdiriləcəkdi.

Həmçinin 400 nəfərin eyni vaxtda qidalanması üçün iki mərtəbəli yeməkxana da təmir edilib, 700 kub metrlik 3 su hovuzu inşa olunub. Həyətdə abadlıq işləri aparılır, basketbol meydançası, istirahət güşələri və yaşıllıq ərazi salınır. İşlərin dekabrda yekunlaşması üçün 100-ə yaxın canlı qüvvə tikintidə çalışır.