• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3739
— 10.10.2019 20:35

Nizami Sadıqov – bombardir qapıçı

KepezTV Player

Tovuz Azərbaycan futbolunun əsas mərkəzlərindən hesab olunur. Bu rayon istər Sovetlər birliyi dövründə, istərsə də ölkəmiz müstəqil olandan sonra “Kəpəz” və “Neftçi” üçün baza rolunu oynayıb, istedadlar yetişdirib.

Belə futbolçulardan bəhs edəndə Nizami Sadıqovun adını çəkməmək mümkün deyil. Uzun müddət yerli “Turan”ın qapısını qoruyub, məşqçisi olub, komandanın qazandığı uğurlarda pay sahibi kimi yadda qalıb. Futbolçu kimi top qovduğu illərdən bir müddət ötsə də,  bu gün onun adı Azərbaycan futbolunda hörmətlə çəkilir.

Futbolumuzda Cəfər ləqəbi tanınan Nizami Sadıqov təkcə azarkeşlərin sevimlisi olmayıb. Publika ilə yanaşı, nizam-intizamı ilə kollektivdə hörmət qazanması onu klubu rəhbərliyinə də sevdirib.

Sadıqov Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının siyahısında iki nominasiyada yer alıb. O, "qapıçıların ən uzun quru seriyaları" və bombardir qapıçı kimi “dünyanın ən məhsuldar çərçivə qoruyucuları”nın sırasında ön pillələrdə mövqe tutub.  

Sənət atadan övlada keçdiyi kimi Nizami Sadıqovun da davamçısı var. Oğlu İlkin futbol oynayır. Vaxtilə elita klublarında çıxış etsə də, indi I divizionda doğma “Turan Tovuz”un şərəfini qoruyur.

Nizami Sadıqov bu ilin noyabrında 55 yaşını tamamlayacaq. Yubilyar üçün ən dəyərli hədiyyə “Turan”ın yenidən elitaya vəsiqə qazanması olar. Elə veteran qapıçı da bu ümidlə yaşayır.

Azad Rəfi