• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3801
— 07.10.2019 19:22

Gəncə karatesinin Əzizi

KepezTV Player

Gəncə karatesinin ən parlaq simalarından biri heç şübhəsiz ki, Əziz Əzizovdur. Nizami yurdunda şərq əlbəyaxa döyüş növünün intibah dövründə töhvələr vermiş təcrübəli mütəxəssis bu gün də işinin başında durmaqla fəaliyyətini davam etdirir.

Əziz Əzizovun karate ilə məşğul olduğu ilk illərdə SSRİ-də bu idman növü qadağan idi. İdmançılar çox qapalı şəraitdə gizli olaraq yapon döyüş sənəti ilə məşq edirdilər.    

O dövr üçün qadağalara baxmayaraq karateyə meyl edənlərin sayı zaman irəlilədikcə çoxalmağa başlayıb. Yeni idman növü kimi tez bir vaxtda məşhurluq qazandığından hər gün məşqlərə yazılan həvəskarlar artıb.

Sovetlər birliyi dağılandan sonra belə desək karatenin üzünə gün doğdu.   Qadağanın aradan qalxması ilə bu idman növü respublikamızda özünün inkişaf dövrünə qədəm qoydu və hazırda Azərbaycan bütün dünyada öndə gedən karate ölkəsi kimi tanınır.

Gəncədə karatenin mövqe tutmasında, inkişafında, irəliləməsində Əziz Əzizovunda danılmaz payı var. O, 26 ildir ki, dəyişən nəsillərə bu idman növünün sirlərini öyrədir, onlarla uğur qazandırır. Yetirmələrinin əldə etdiyi nəticələrə görə əməkdar məşqçi kimi fəxri ad alıb.

Əziz Əzizov həm də universal məşqçi kimi tanınır. O, müxtəlif yaş qruplarından olan idman həvəskarlarına kikboksinq, uşu-sanda, ciu-citsu və digər döyüş növlərindən məşq keçir.

Karatenin olimpiya oyunlarının proqramına salınması bu idman növünün nüfuzuna öz müsbət təsirini göstərib. Məşq bölmələrinə axın edənləri sayı nəzərə çarpacaq sayda çoxalıb.

Gələn il 50 illik yubileyini qeyd edəcək Əziz Əzizovun həm də əmək fəaliyyətinin 30 ili tamam olacaq. Ömürünün yarıdan çoxunu məşqçi kimi idmana həsr edən təcrübəli mütəxəssis üçün ən dəyərli hədiyyə təbii ki, yetirmələrinin qazanacağı medallar, titullar ola bilər.

Azad Rəfi