• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 720
— 27.09.2019 19:36

Dünya əhalisinin 80%-i bu xəstəlikdən əziyyət çəkir

KepezTV Player

Artroz dayaq-hərəkət aparatının ən çox yayılan patologiyasıdır. Statistik göstəricilərə əsasən, hazırda dünya əhalisinin 80% -i müxtəlif dərəcəli artrozdan əziyyət çəkir. Bu xəstəlik oynağın tədricən dağılması, oynaqətrafı nahiyədə qığırdaqların degenerativ dəyişiklikləri ilə xarakterizə olunur.

Travma, anadangəlmə inkişaf qüsurları, artıq çəki xəstəliyin əmələ gəlməsində müstəsna rol oynayır. Əsasən, ağır çəkili, orta yaşlı insanlarda müşahidə olunan problemə kişilərlə müqayisədə, qadınlar arasında daha sıx rast gəlinir. Hərəkət-dayaq sisteminə normadan artıq düşən yük qığırdaqların vaxtından əvvəl sıradan çıxması, ən pis halda isə sümüyün sınması ilə nəticələnir.

Cahandar İsmayılov - GBX-nin ortoped-travmatoloqu: Pasiyentlər oynaq ağrıları şikayəti ilə müraciət edir və MRT müayinəsi nəticəsində diaqnoz qoyulur. Önəmli olan zamanında müraciətdir. Vaxtında problemin üzərinə düşülərsə erkən artroz – oynaq qığırdağının zədələnməsi müşahidə olunmur. Artrozu olan pasiyent əgər çəkisini azalda bilirsə, məsələn 20 kilo o zaman ağrıları azalmış olur və əməliyyata ehtiyac olmur.

Ortoskopik cərahiyyə kiçik kəsiklərdən icra olunan oynaqdaxili əməliyyatlardır. Gənclərdə travma nəticəsində baş verən menisk yırtıqları, yaşlılarda qığırdaq yeyilməsi yəni, artroz bu yolla aradan qaldırılır. Hazırda tibbdə diz oynağının ortoskopiyası daha çox tətbiq olunur.

Cahandar İsmayılov - GBX-nin ortoped-travmatoloqu: Müasir ortopediyada menisk yırtıqları və bağ əməliyyatları ortoskopik üsulla aradan qaldırılır. Əvvəllər həmin əməliyyatlar regionda icra edilmirdi. Buna görə də düzgün diaqnoz qoyulmurdu. O xəstələr uzunmüddət ortrozdan müalicə alırdılar və effekt olmurdu. Ancaq bu gün həmin əməliyyatlar icra edildiyi üçün həmin problemlərə daha sıx rast gəlirik.

Müalicəsiz qalmış xəstəliyin nəticəsi insanın əlil olmasına gətirib çıxarır. Bu səbəbdən zamanında götürülən düzgün müalicə olduqca vacibdir.