• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1847
— 16.08.2019 17:11

Neqativ halların qarşısı alınıb

Xırdalanda qənd istehsalı üzrə tanınmış firmaya məxsus sexin fəaliyyəti dayandırılıb. Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının Xırdalan şəhəri, Rəşid Behbudov küçəsi, Yoncalı yaşayış massivi ünvanında fəaliyyət göstərən "Qidam" qənd istehsal sexinə baxışı zamanı istifadə olunan avadanlıqların paslandığı və kifləndiyi aşkar olunub. Həmçinin sexdə qablaşdırma sahəsi ilə eyni yerdə yerləşən anbarda qəndin çirklənməsinin qarşısınının alınması məqsədi ilə hər hansı tədbir görülmədiyi müəyyən edilib. Aşkar olunan nöqsanlar əsasında tələblərə cavab verməyən malların istehsalına və satılmasına görə müəssisənin rəhbəri barəsində inzibati protokol tərtib edilib, qənd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu C.Məmmədquluzadə küç. ev 80 ünvanında yerləşən yaşayış sahəsində qanunsuz fəaliyyət göstərən spirtli içkilərin emalı sexi də aşkarlanıb. Məlum olub ki, Həsənov Tapdıq Qarakişi oğlu müxtəlif çeşiddə spirtli içkilərin boş qablarını, istifadə olunmuş taraları kustar üsullarla dolduraraq müxtəlif ölkələrə məxsus əmtəə nişanlı spirtli içkilərin adı ilə pərakəndə satışa çıxarır. 93 ədəd satış məqsədi ilə qablaşdırılmış saxta içki aşkarlanıb. Sexin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib.