• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1255
— 08.08.2019 16:51

Gültəkin Şirinova Gəncə idmanının tarixinə düşüb

KepezTV Player

Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan komandasının parlaq çıxışında rolu olan Gəncə idmançılarından Gültəkin Şirinova doğma şəhərinə qayıdıb. Festivaldan sonra birbaşa dünya birinciliyinə yollanan Şirinovanın bu səbəbdən Nizami yurduna dönüşü bir qədər yubanıb.

Bununla belə güləşçinin Gəncəyə gəlişi təntənəli şəkildə təşkil olunub. Şəhərə nüfuzlu yarışlardan medalla dönən bütün idmançılar kimi, qaydaya uyğun olaraq Gültəkin Şirinova da ulu şeyx Nizami Gəncəvinin məqbərəsi önündə qarşılanıb. Avropa Gənclər Yay Olimpiya Festivalında 46 kq çəki gümüş medal qazanmaqla ölkəmizi və Gəncəni layiqincə təmsil edən  idmançını təbrik etmək, onunla sevincini bölüşmək üçün şəhərin idman ictimaiyyətinin nümayəndələri məqbərə önünə toplaşıb. Qeyd edək ki, Gəncə İdman Liseyinin şagirdi olan Şirinova əməkdar məşqçi Mehman Allahverdiyevin yetirməsidir.

Avropa Gənclər Yay Olimpiya Festivalında əldə olunan medal bir neçə ildir ki, güləşlə məşğul olan Gültəkin Şirinovanın karyerasında ilk böyük mükafatıdır. Dünya və Avropa birinciliklərinin iştirakçısı olan idmançının potensialı onun gələcəkdə daha böyük uğurlara imza atacağına ümid verir.

Yeri gəlmişkən, Gültəkin Şirinovanın Avropa Gənclər Yay Olimpiya Festivalında iştirakı və nailiyyəti Gəncənin idman tarixinə bir ilk kimi düşüb. Çünki şəhərin bu vaxta qədər zəriflər arasında belə nüfuzlu yarışda medal qazanan təmsilçisi olmayıb.

Azad Rəfi