• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1229
— 17.07.2019 12:46

Gəncədə sərnişindaşımaya nəzarət gücləndirilib

KepezTV Player

Yol-nəqliyyat hadisələrinin təhlili, aparılan müşahidələr göstərir ki, son vaxtlar avtobus və mikroavtobus sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması və nəticədə törədilən qəzaların sayında artım var. Gəncədə ictimai nəqliyyatda nizam-intizamın yaradılması, təhlükəsizliyin təmin edilməsi məqsədilə yol polisləri tərəfindən tədbirlər görülür.

Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhərin Bakı istiqamətinə çıxışında yoxlamalar aparıblar. Müəyyən edilib ki, hələ də sərnişindaşıma ilə məşğul olan sürücülər arasında sənədsiz halda sükan arxasında əyləşənlər var.

Əsasən Bakı istiqamətinə sərnişin daşıyan belə sürücülərin yol polisləri tərəfindən saxlanıldıqdan sonra müxtəlif bəhanələrlə hərəkətə davam etmək cəhdi uğursuz alınıb. Asayiş keşikçiləri xüsusi ilə də müvafiq kateqoriyası olmadan sərnişin daşıyan sükan sahiblərinin avtomobillərinin istismarını dayandıraraq müvafiq tədbirlər həyata keçiriblər.

Yoxlamalar zamanı müxtəlif qayda pozuntularına görə xeyli miqdarda ödənilməyən cəriməsi olan sürücülər də aşkarlanıb. Hətta ödənilməyən cəriməyə görə istismarına qadağa qoyulan avtomobillərin yol hərəkətində iştirakı faktına da rast gəlinib.

Ramin Fətullayev - Gəncə Şəhər DYP Şöbəsinin rəis müavini: Baş Dövlət Yol Polisi İdarəsinin müvafiq tapşırığına əsasən Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları sərnişindaşıma ilə bağlı müvafiq tədbirlər həyata keçirir. Məqsədimiz sərnişinlərin rahat və təhlükəsiz mənzil başına çatdırılmasıdır. Bu kimi yoxlamalar qarşıdakı günlərdə də davam etdiriləcək.

Ümumilikdə gün ərzində 50-dən çox sərnişindaşıma ilə məşğul olan sürücü saxlanılıb. Yol hərəkəti qaydalarının tələblərini pozduğuna görə 10-a yaxın sükan sahibi barəsində müvafiq tədbir görülüb.

Natiq Hüseyn